Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Vətən müharibəsi şəhidlərindən bəhs edən “Tarix yazan igidlərimiz” layihəsini davam etdirir. Layihə üzrə hazırlanan növbəti videoçarx şəhid Məmmədağa Səfərov haqqındadır.

Məmmədağa Balakişi oğlu Səfərov 1997-ci ilin 10 mayında Bakıda anadan olub. Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə oxuyub. Sonra Türkiyənin Balıkəsir Universitetinə daxil olub. 2019-cu ildə son kursda olarkən Vətənə qayıdır, hərbi xidmətə gedəcəyini və təhsilini sonra davam edəcəyini bildirir. 2019-cu ilin oktyabrında əsgəri xidmətə yollanır.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayandan sonra Məmmədağa Səfərov Cəbrayıl, Füzuli rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edir. Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir.

Videoçarxda şəhidin anası Rəna xanım tərəfindən kitabxanaya təqdim edilən fotolar və həyatı haqqında məlumatlar yer alıb.

Məmmədağa Səfərov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.