British Council (Britaniya Şurası), Böyük Britaniyanın Bakıdakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı ilə ölkəmizdə keçirilən ənənəvi Böyük Britaniya Film Festivalı bu il onlayn formatda reallaşır.

Yanvarın 22-də başlayan festival 22 fevral tarixinədək “CoolConnections” incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçirilir.

“Biz ən həyəcanlı, düşündürücü və tənqidçilər tərəfindən bəyənilmiş yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətiririk. Böyük Britaniya Film festivalının 2021-ci il buraxılışında bütün cəmiyyətlərdə tam və bərabərhüquqlu üzv kimi hər kəsin təkmilləşə biləcəyi bir dünyanı təbliğ edərək, əsrarəngiz qadınların lentə köçürülmüş qeyri-adi hekayələrinə diqqəti çəkir” – deyə British Council-ın məlumatında bildirilir.

Qeyd olunur ki, festival filmlər vasitəsilə bərabərlik, müxtəliflik və inklüzivlik kimi başlıca dəyərlərə sadiqliyimizin təməl daşıdır. Bütün filmlər Azərbaycan dilində alt yazılarla i ingilis dilində nümayiş etdirilir.

Filmlərə müvafiq qeydiyyatdan keçməklə http://bit.ly/britishfilmfestival linkindən və ya festivalın daimi saytından – www.britishfilmfest.az keçid edərək baxmaq olar. Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində, nümayişə açıq olacaq.

Bu il Böyük Britaniya Film Festivalına 16 ekran əsəri çıxarılıb: “Yırtıcı” (ən yaxşı Böyük Britaniya filmi kateqoriyasında BAFTA (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) mükafatı namizədi), “Səma üçün” (ən yaxşı sənədli film kateqoriyasında BAFTA mükafatı sahibi), “Kişilərlə üzmək”, “Sıxışdırılmış”, “Makiyaj”, “Rey və Liza”, “Mükəmməl onluq”, “Çəhrayı divar”, bundan əlavə, BAFTA-nın ən yaxşı qısametrajlı film kateqoriyasında mükafata layiq görülmüş yeddi qısametrajlı film. İlin diqqətəlayiq və nümunəvi, eləcə də mükafata layiq görülmüş “Səma üçün” filmində qadın obrazının gözlərindən müharibə dəhşətlərinə edilən səyahətdən bəhs edilir.

Festivalda, həmçinin British Council-ın Cəmilə Abdulova tərəfindən təsis edilmiş Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi ilə əməkdaşlığının bir hissəsi kimi “Nərgiz” adlı işarə dilində Azərbaycan filmi nümayiş (Azərbaycan alt yazı ilə ingilis dilində) etdiriləcək.

Festival müddətində British Council Mədəniyyət Nazirliyi ilə birlikdə rəsmi Facebook və YouTube səhifələrində azərbaycanlı film mütəxəssisləri və kinosevərlər üçün incəsənət sahəsində canlı fikir mülahizələrinə rəhbərlik edəcək. Diskussiyalarda Azərbaycanın xanım rejissorları, prodüserlər və mütəxəssislər iştirak edəcək.

British Council-ın Azərbaycan üzrə direktoru Samr Şah festival ilə bağlı deyib: “Mən çox şadam ki, builki Böyük Britaniya Film Festivalını onlayn formatda həyata keçirə bilirik. Bu yalnız insanların bütün bu mükəmməl filmləri öz evlərindən rahat şəkildə izləməsinə deyil, həm də ölkə miqyasında festivalın daha əlçatan olmasına və daha böyük auditoriyaya xidmət etməsinə şərait yaradacaq. Biz, eyni zamanda, builki festivalın qadınlara həsr olunmasından qürur duyuruq və onların cəmiyyətdəki rolunun əhəmiyyətini dərk edir, yüksək qiymətləndiririk”.

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Britaniya Şurası dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstərir.