Türk dünyasının böyük şairi və mütəfəkkiri Yunus Əmrənin vəfatının 700-cü ildönümü münasibətilə 2021-ci il Türkiyədə “Yunus Əmrə və Türk dili ili” elan edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı imzaladığı təlimat sənədi (genelge) “Resmi gazete”də dərc olunub.  Sənədə əsasən, 2021-ci ilin Türkiyədə “Yunus Əmrə və Türk dili ili” olaraq qeyd edilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.

Sənəddə türkcə ədəbiyyatın təməl daşlarından biri olan Yunus Əmrənin vəfatının 700-cü ildönümünün UNESCO-nun yubileylər proqramına daxil edildiyi də diqqətə çatdırılır. “Yunus Əmrə “yetmiş iki millətə bir gözlə baxma” prinsipi və ümumbəşəri insani dəyərlər üzərində qurulmuş fəlsəfəsi ilə dünya humanizminə töhfə verərək insanları ortaq dəyərlər ətrafında bir araya gətirən şairdir. Yunus Əmrəni bəşəriyyət üçün ortaq bir dəyər kimi təqdim etmək və 2021-ci ilin “Bizim Yunus ili” olaraq anılması, Yunus Əmrənin mirası olan türkcənin əhəmiyyətinin vurğulanması, mədəniyyət dili olaraq şüurlu və doğru istifadəsini təmin etmək üçün ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsinə qərar verilib”, – deyə sənəddə vurğulanır.

Qeyd edilir ki, “Yunus Əmrə və Türk dili ili” çərçivəsində tədbirlər Türkiyə Prezidentinin himayəsi altında keçiriləcək.

Mehparə SULTANOVA
Ankara