Heydər Əliyev Sarayında 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə  kollektivin gənc əməkdaşları ilə görüş keçirilib.

Görüşdə çıxış edən Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov gəncləri bayram günü münasibətilə təbrik edib. Bildirib ki, bu əlamətdar günün təsis olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider gənclərə hər zaman böyük qayğı göstərib və onun təşəbbüsü ilə 1996-cı ilin 2 fevralından Azərbaycan gənclərinin forumları keçirilməyə başlanıb. 1997-ci ildə Ulu öndərin sərəncamı ilə bu tarix Azərbaycan Gəncləri Günü elan edilib.

Ramil Qasımov qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti ən yüksək səviyyədə davam etdirilir. Gənclərlə daim dialoq qurmaq, onlara qayğı göstərmək dövlət siyasətin əsas istiqamətlərindən biridir. Heydər Əliyev Sarayının rəhbərliyi də gənclərin kollektivə cəlb olunması, mədəni-kütləvi tədbirlərdə fəal iştirak etməsinə böyük önəm verir.

Sarayın direktoru yaxın zamanda kollektivin sırasına yeni gənclərin cəlb olunacağını vurğulayıb: “Əminəm ki, kollektivimizin gənc üzvləri kimi gələcəkdə Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı prosesində yaxından iştirak edib, həyata keçirilən işlərə öz töhfə verəcəksiniz”.

Tədbirin sonunda Heydər Əliyev Sarayının bir qrup gənc əməkdaşı, o cümlədən Vətən müharibəsinin  iştirakçısı olmuş Azay Azayev Fəxri fərmanla təltif olunub. Direktor onlara tarixi səhnə – Heydər Əliyev Sarayındakı şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni nailiyyətlər diləyib.