Əvvəllər maşınlar siqnal verə-verə gedəndə bilirdik ki, gəlin aparırlar. Bu bizim ən gözəl adətlərimizdən biridir. Bu səsi eşidəndə tanıdı-tanımadı hər kəs xoşbəxt olsunlar deyirdi. 2020-ci ilin Vətən müharibəsində Qələbəmizdən sonra isə bu səsi eşidəndə hər kəsin ürəyi dağa dönür. Çünki bilirik ki, hansısa əsgərimiz Vətən borcunu ləyaqətlə başa vurub öz el-obasına, öz evinə, ocağına dönür. Hansısa ananın nigaranlıqla yollara dikilən gözləri yollardan çəkilir. Ona görə də belə anlarda tək bir ailənin deyil, bütün insanların üzü gülür bu səsi eşidəndə. Yoldan keçənlər belə bu ailənin sevincini öz sevinci kimi qəbul edərək onlara gözaydınlığı verirlər...

Hava yavaş-yavaş toranlaşırdı. İşdən evə gəlirdim. Yenə də hər gün işə gedərkən önündən keçdiyim qapının qarşısında həmin maşınların siqnal verə-verə gəlib dayandığını gördüm. Milli atributumuz olan üçrəngli bayrağımıza bürünərək qürurlu bir əsgərin maşından düşdüyünü gördüm. Əsgər büründüyü bayrağı o qədər ürəklə qucaqlamışdı ki, elə bil onu ayağının altındakı torpağın tozundan, əzilməsindən qoruyurdu. Yoldan keçənlər də, qonşular da bu gəncə tərəf gələrək gözaydınlığı verirdi, həm anaya və həm də hamı bir-birinə. Bu, elə möhtəşəm mənzərə idi ki, baxmaqdan doymaq olmurdu. Bu zaman düşündüm ki, övladlarımız, gənclərimiz torpağımıza, bayrağımıza belə böyük dəyər verdikləri üçün, onu ucadan da uca tutduqları üçün 44 gün ərzində Qələbə çalan bir xalq, dövlət olduq. 

Bütün məhəlləni sevincə qərq edən həmin gənc 1997-ci ildə anadan olan Əhmədov Elnur Vəfadar oğlu idi. Elnurun atası Vəfadar Əhmədov və əmisi Zəfər Əhmədov Birinci Qarabağ müharibəsi veteranlarıdır, Murovdağ döyüşlərində iştirak ediblər.

Elnur İkinci Qarabağ savaşında cəsarətlə döyüşən könüllülərimizdəndir. O, Füzuli, Cəbrayıl, Qubadlı, Xocavəndin Hadrut qəsəbəsi kəndlərinin işğaldan azad olunmasında iştirak edib. İgid əsgərimiz dövlət başçısının sərəncamları ilə "Cəsur döyüşçü" və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Bu möhtəşəm mənzərəyə baxa-baxa fikirləşdim ki, biz yollarda kiçik uşaqları görəndə tanıdıq-tanımadıq onları yollardan kənarlaşdırıb o yana – bu yana sütüyən maşınlardan qoruyurduq. Öz anaları isə onları qışda soyuqdan, yayda istidən qoruyardıq. Görəsən, həmin uşaqlar bizlərə baxıb nə düşünürlər? Düşünürlərmi ki, o zaman siz bizi yollardakı təhlükədən, soyuqdan, istidən qoruyurdunuz. Biz də böyüdük, silaha sarılıb torpağımızı qürurla, ləyaqətlə qoruyub Vətəni bütövləşdirdik...

44 günlük Vətən müharibəsində silaha sarılaraq xalqımızın torpaq nisgilinə son qoyan oğullar öz elinə, obasına, belə gəlməlidir, belə təntənə ilə qarşılanmalıdır. Çünki minlərlə Vətən oğlunun şücaəti ilə tarix salnaməmizə heç zaman silinməyəcək bir yazı yazıldı, xalqımız var olduqca oxunacaq bir tarix. Bu müqəddəs müharibədə payı olan hər kəs doğma Azərbaycanımızın qürur ünvanına çevrildi.

Deyirlər, torpağa su axıdılanda palçıq, qan axıdılanda isə Vətən olur. Cəngavər oğullarımızın şücaətləri sayəsində, tökülən qanları ilə dədə-babalarımızın əmanəti olan Vətən torpağı hamımızın and yeridir.

Məryəm ƏLİYEVA
Kürdəmir rayon MKS-nin baş biblioqrafı