Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı tarixi zəfərlə yekunlaşan Vətən müharibəsinə həsr olunub.

Hər həftə yayımlanan proqramın müəllifi, telejurnalist, Türkiyədə təhsil alan soydaşımız Səidə Ömər son aylarda bir neçə buraxılsın Vətən müharibəsi və Azərbaycanın qazandığı zəfərə həsr edildiyini diqqətə çəkib.

Proqramın budəfəki qonağı Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu Azərbaycanın müharibədə qazandığı zəfərdən və bu mücadilədə qardaş Türkiyənin daim Azərbaycanın yanında olmasından bəhs edib.

Proqrama “Sykpe” vasitəsilə qoşulan millət vəkili deyib: “Müqayisəli təhlil aparmaq istəsək, görəcəyik ki, 2020-ci il sentyabr ayının 27-dən başlayaraq dekabr ayının 1-nə qədər davam edən bu mərhələ cəmi 64 gün çəksə də, əslində, nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcını yaratdı”.

Millət vəkili 44 günlük aktiv müharibə fazası və sonrakı 20 gündə 3 rayonumuzun bir güllə atılmadan azad edilməsini mühüm hadisə kimi dəyərləndirib: “Bu, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Yəni təqribən yüz il davam edən və “Dağlıq Qarabağ” problemi adlandırılan məsələ həll edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu”.

Qonaq eyni zamanda ölkəmizin qazandığı zəfərdə Türkiyənin rolunu xüsusi olaraq qeyd edib və bu dəstəyin indiyədək davam etdiyini vurğulayıb: “Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Şuşada ibtidai məktəb açılması ilə bağlı təklifi xüsusilə təqdirəlayiqdir. Təklifin hər iki dövlət rəhbəri tərəfindən də müsbət qarışılanması ürəkaçandır”.

Proqramın digər qonağı – “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva, “Artıq beş ildir layihə çərçivəsində əsgər, qazi və şəhid ailələrimizi ziyarət edərək vətəndaşlıq borcumuzu yerinə yetiririk və hər zaman dövlətimizin, ordumuzun yanındayıq” deyə bildirib.

Proqram Azərbaycanın məşhur sənətçilərinin Qarabağla bağlı ifaları ilə başa çatıb.

Mehparə SULTANOVA
Ankara