Milli Məclisin fevralın 1-də keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu təsdiq edilib.

Birgə media platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.

Sənəddə Azərbaycan-Türkiyə media platformasının əhatə dairəsi müəyyənləşib. Platforma çərçivəsində iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək: media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması; iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması; beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması; televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi; müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması; peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi; iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Memorandum qüvvəyə minəndən sonra 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.

Qeyd edək ki, memorandum 2020-ci il dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı imzalanıb.