Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində davam edən humanitar fəaliyyəti dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən xəbərə görə, hərbi əməliyyatların dayandırılması haqqında 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra təşkilatın ölkəmizdə fəaliyyət göstərən agentlikləri qida, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji və sosial dəstək, eləcə də təhsil sahələrində ilkin yardım göstərib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, ayrılan vəsait münaqişədən əziyyət çəkən insanların normal həyata dönməsi üçün BMT agentliklərinin hazırda həyata keçirdiyi fəaliyyətlərin miqyasını artıracaq: “Biz, qadın və uşaqlar da daxil olmaqla, əhalinin ən həssas qruplarının təcili ehtiyaclarını ödəmək üçün Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlığmızı davam etdirəcəyik”.

BMT-nin Baş katibi adından Təcili yardım üzrə əlaqələndiricinin idarə etdiyi CERF böhranlardan əziyyət çəkən insanlara kömək etmək üçün ən çevik fonddur. Fond yarandığı gündən bəri 104 ölkə və ərazidə yüz milyonlarla insana 6,5 milyard dollardan çox yardım edib.