Beynəlxalq onlayn konfransda müzakirə olunub

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyası N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası və A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyası ilə birgə “Müasir musiqi təhsilində elmin rolu” adlı beynəlxalq onlayn konfrans keçirib.

Konfransın aparıcısı – laboratoriyanın elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva əvvəlcə musiqişünaslıqda müasir elmi araşdırmalarla müasir musiqi təhsili arasında əlaqədən danışıb. Diqqətə çatdırıb ki, “Müasir musiqi təhsili” beynəlxalq konfransı ənənəvi olaraq hər il Sankt-Peterburqda keçirilir. Budəfəki, sayca 19-cu konfrans bu il Azərbaycanda xüsusi seksiya (“Azərbaycanda müasir musiqi təhsili: yaradıcılıq, elm, texnologiyalar” adı altında) ilə təqdim olunur:

Onlayn konfransda BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor G.Abdullazadə, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq münasibətlər şöbəsinin müdiri, Əməkdar incəsənət xadimi C.Səlimxanov, BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.İsmayılzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor K.Dadaşzadə, A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyasının müdiri, professor İ.V.Vorontsova, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının professoru M.S.Zalivadnı, Belarus Dövlət Musiqi Akademiyasının İnformasiya texnologiyaları şöbəsinin müdiri N.S.Şuşkeviç və başqaları iştirak ediblər.

Qeyd edək ki, Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyası A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji  Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyası ilə əməkdaşlıq edir.

Konfransda Azərbaycan alimlərinin məruzələri böyük maraq doğurub və diskussiyalara səbəb olub. Gələcəkdə elmi əlaqələrin davam etdirilməsi və birgə seminarların keçirilməsinə dair təkliflər səslənib.