2020-ci ildə Avropa ölkələri mədəniyyət sahəsində 199 milyard avro miqdarında zərərə düşüb. Teatrlar və musiqi sahəsi daha çox zərər çəkib. Onlar öz gəlirlərinin müvafiq olaraq 90 və 76 faizini itiriblər. Hər halda “Ernst & Young” audit-konsaltinq şirkətinin ekspertləri bu nəticəyə gəliblər.
Onların apardıqları araşdırmaya görə, koronavirusun yayılması dövründə mədəniyyət sahəsi turizmdən daha çox maddi ziyan çəkərək, itkilərin həcminə görə hava nəqliyyatına yaxınlaşıb.
“Ernst & Young” şirkətinin eksperti Mark Lermittin fikrincə, iqtisadi böhranın fəsadları hələ bir neçə il hiss olunacaq. Bu da öz növbəsində o deməkdir ki, yaradıcılıq layihələrinin gerçəkləşməsinə vəsait qoyan az olacaq, sənət adamlarının yalnız öz peşələri ilə məşğul olub yaxşı pul qazanacağını gözləməyə dəyməz.