Prezident İlham Əliyev fevralın 4-də Rəhman Tofiq oğlu Hacıyevin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir. Dövlət başçısının yanvarın 4-də imzaladığı sərəncamla Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının doqquz nəfərdən ibarət tərkibi təsdiq edilib.