Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Rusiya Dövlət Akademik Böyük Teatrının (Bolşoy Teatr) baş direktoru Vladimir Urin arasında videokonfrans formatında görüş keçirilib.

Ramil Qasımov qonağı salamlayaraq Azərbaycan və Rusiya mədəni əlaqələrinin əhəmiyyətindən danışıb. İki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin mədəniyyət sahəsində də artan xətt üzrə inkişaf etdiyi və möhkəmləndiyini vurğulayıb. Eyni zamanda Heydər Əliyev Sarayı və Böyük Teatrın əməkdaşlıq etməsinin mühümlüyünü qeyd edib.

Heydər Əliyev Sarayında dünyaca məşhur “Məhəbbət əfsanəsi”, “Min bir gecə” baletlərinin, “İntizar”, “Toska” operalarının səhnələşdirildiyi diqqətə çatdırılaraq, 2022-2023-cü illərdə Böyük Teatrın truppasının Azərbaycana qastrol səfərinin məqsədəuyğunluğu bildirilib. 

Vladimir Urin öz növbəsində tanışlığa görə məmnunluğunu bildirib və qeyd olunan məsələnin nəzərdən keçiriləcəyini, teatrın repertuarından hansı tamaşaların Azərbaycanda nümayiş etdirilməsi ilə bağlı təkliflərini verəcəyini bildirib.

Ramil Qasımov həmçinin ideya müəllifi olduğu Azərbaycan Vokalçılar Festivalı barədə məlumat verib. Bildirib ki, festival Azərbaycanda ilk dəfə ötən il pandemiyadan öncə keçirilib və bu il dekabr ayında ikinci festivalın keçirilməsi nəzərdə tutulur. O, Böyük Teatrın səhnəsində çalışan vokalçıları bu festivalda iştiraka dəvət edib. 

Görüş ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, Rusiyanın əsas mədəniyyət simvollarından olan Böyük Teatr eyni zamanda dünya musiqi mədəniyyətinin mərkəzlərindən biridir.