Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi, doktorant Ayxan Əfəndiyevin “Türk beşləri və onların müasir musiqidə tutduqları mövqe” mövzusunda onlayn qaydada seminarı keçirilib.

BMA-dan bildirilib ki, məruzəçi Mustafa Kamal Atatürkün türk musiqisinə göstərdiyi qayğıdan, incəsənət adamlarının dövlət hesabına xaricdə təhsil almalarına yardım etməsindən və “türk beşliyi” kimi tanınan məşhur bəstəkarlar – Camal Reşit Bey, Adnan Sayqun, Hasan Ferit Alnar, Necil Reşit Rey  və Ülvi Cemal Erkinin yaradıcılığı haqqında məlumat verib. Türk musiqi yaradıcılığının Azərbaycan musiqisi ilə müqayisəli təhlili iştirakçılar arasında maraqlı müzakirələrə səbəb olub.

BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev və başqaları mövzuya dair fikirlərini bildirib, məruzəçiyə dəyərli tövsiyələr veriblər.