Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda diqqətə çatdırılır ki, 2020-ci ildə ölkəmizin işğal altındakı torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün  bərpası ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Vurğulanır ki, 2021‒2030-cu illəri əhatə edən Milli Prioritetlər yeni strateji dövrdə qarşıda duran hədəflərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” XXI əsrdə ölkəmizin inkişafı ilə bağlı qəbul olunan ikinci uzunmüddətli strategiyadır. 2012-ci ildə dövlət başçısının müvafiq fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdi.

 

Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti

 

2030-cu il hədəfli Milli Prioritetlər “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” devizi üzərində tərtib olunub. Sənəddə qeyd olunur ki, ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınıb.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək.  Özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcək.

Vurğulanır ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:

1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qeyd edilən Milli Prioritetlər eyni zamanda BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

 

Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat

 

Birinci prioritetlə bağlı qeyd edilir ki, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün iki məqsəd təmin olunmalıdır: davamlı və yüksək iqtisadi artım; daxili və xarici təsirlərə dayanıqlıq.

İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməli, qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.

Kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır.

Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır. Makroiqtisadi və maliyyə sabitliyini təmin edən idarəetmənin institusional çərçivəsi təkmilləşdirilməlidir.

 

Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət

 

Sənəddə vurğulanır ki, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet aşağıdakı üç məqsəd əsasında uğurla reallaşa bilər: inkişafdan hər bir vətəndaşın bəhrələnməsi; yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət; paytaxt və regionların tarazlı inkişafı.

Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir.

Bildirilir ki, ölkəin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalmalıdır. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır.

Uzunmüddətli dövrdə əsas məqsəd regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır.

 

Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı

 

Bu bölmədə bildirilir ki, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.

Bu prioritetin uğurla reallaşdırılması üçün üç məqsədə nail olunmalıdır: XXI əsrin tələblərinə uyğun təhsil;  yaradıcı və innovativ cəmiyyət; vətəndaşların sağlam həyat tərzi.

Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir.

Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir.

Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcək. Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır.

Vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzi təmin edilməlidir. Bu, vətəndaşların məhsuldar fəaliyyəti və sosial rifahının artırılması üçün mühümdür. Sağlamlıq və uzunömürlülük ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılı olacaqdır. Müasir innovasiyaların səhiyyədə tətbiqi sahəsində yüksək nəticələr əldə edilməklə, keyfiyyətli səhiyyə xidmətlərinin milli gəlirin yaranmasında payı artırılmalıdır.

Keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artımına nail olunmalıdır.

 

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış

 

Qarşıdakı on ilin növbəti Milli Prioriteti işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlıdır. Sənədin bu bölməsində qeyd olunur ki, dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olub. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq.

Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək.

Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.

Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı iki məqsədə nail olunmalıdır: dayanıqlı məskunlaşma; iqtisadi fəaliyyətə reinteqrasiya.

İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.

Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.

İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcək. Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artıra bilərik. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişafı vacibdir.

 

Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi

 

Bu prioritet daxilində strateji dövrdə aşağıdakı iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı.

Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.

Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalı, bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır. İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməli, ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.

Qeyd olunur ki, indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməli, alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmalı və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır.