Azərbaycan Aşıqlar Birliyinin (AAB) nəşri olan “Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb.

Topluda Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illiyinə geniş yer verilib. Bu münasibətlə AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun “Lirik poeziyanın epik ləngəri”, Mətbuat Şurasının sədri Əflatun Amaşovun “İliyinə qədər şair” məqalələri, Xalq şairləri Nəriman Həsənzadə və Fikrət Qocanın yubilyara ithaf olunmuş şeirləri dərc olunub.

Oxucular, eyni zamanda Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, professorlar Mahmud Allahmanlı, İradə Köçərli, Xatirə Bəşirli və digər elm adamlarının aşıq sənətinə dair məqalələri ilə tanış ola bilərlər.

Toplunun “Ustad yubileyləri” bölümündə Oruc Əhmədov, Əhməd Rüstəmov, Ulduz Quliyeva, Umbay Axundov, Xanlar Məhərrəmov, Gülabı Xındı Məmməd oğlu və Cabbar Cabbarov kimi sənətkarların həyat və yaradıcılıqlarından bəhs edən məqalələr yer alıb.

Topluda həmçinin AAB-nin 2020-ci ildə fəaliyyətini əks etdirən xəbər xronikası və ötən il dünyasını dəyişmiş ustad aşıqlarla bağlı nekroloqlar da verilib.