Fevralın 26-dan 28-nə qədər Litvanın paytaxtı Vilnüs şəhərində “Vivat-Tur” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin iki əməkdaşı təmsil edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsindən qəzetimizə verilən məlumata görə, sərgidə Azərbaycanın turizm imkanları 24 kv. metr stend vasitəsilə nümayiş olunacaq. Burada Azərbaycanın görməli yerləri, mehmanxana, turizm obyektləri, tarixi-memarlıq abidələri xüsusi reklam çap məhsulları vasitəsilə sərgi iştirakçılarının diqqətinə çatdırılacaq.
Daha bir sərgi fevralın 11-dən 14-dək Türkiyənin İstanbul şəhərində baş tutacaq. “EMİT-2010” beynəlxalq turizm sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmiyev, Daxili Turizmin İnkişafı Şöbəsinin Baş məsləhətçisi Rəhman Oruclu, aparıcı mütəxəssis İlahə Hacıyeva, Dövlət Mahnı və Rəqs Ansamblının 6 nəfər əməkdaşı və üç özəl turizm şirkəti təmsil edəcək.
Fəxriyyə