Xarici diplomatlar Vivaldinin “Qış” konsertini və Üzeyir bəyin “Arazbarı”sını dinləyiblər

Xəbər verildiyi kimi, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri fevralın 6-da işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Azərbaycan Respublika Prezidentinin təlimatına uyğun olaraq  təşkil edilən səfərin məqsədi xarici diplomatları Ermənistan silahlı qüvvələrinin 30 il sürən işğalı zamanı bu torpaqlarda törətdiyi vəhşiliyin və müharibə cinayətlərinin izləri ilə tanış etmək idi.

Diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfərdə media təmsilçiləri də iştirak edib.

Heyət əvvəlcə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub. Prezidentin köməkçisi Hikmət Hacıyev diqqətə çatdırıb ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra ətrafında təhlükəsizlik təmin olunan Cocuq Mərcanlı yenidən quruldu və sakinlər buraya qayıtdılar. 2020-ci ilin sentyabr-noyabrındakı Vətən müharibəsində düşmən atəşinə məruz qalan yaşayış yerlərimizdən biri də Cocuq Mərcanlı kəndidir. Ermənistan ordusunun kəndə atdığı raket və mərmilərin dağıtdığı 45 evdə tikinti-bərpa işləri davam edir.

Sonra diplomatik korpusun nümayəndələri Cəbrayıl şəhərinə gəliblər. Onlar Cəbrayıl şəhərindəki dağıdılmış qəbiristanlığa və erməni vəhşiliyinə məruz qalmış digər ərazilərə baxıblar.

Dünya şöhrətli fotoqraf Rza Diqqəti diplomatlara Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə çəkdiyi şəkilləri nümayiş etdirib. “Görürsünüz ki, Cəbrayıl şəhəri tamamilə dağıdılıb. Bir dənə də bina salamat qalmayıb. Bəziləriniz artıq Ağdam və Füzulidə olmusunuz. Ağdam, demək olar ki, şumlanıb. Ağdam, Füzuli, Zəngilan və Şuşada olduğu kimi, Cəbrayılda da məzarlıqlar dağıdılıb. Siz burada məzardan çıxarılan yüzlərlə insan sümüklərini görürsünüz. Onlar qəbirləri ekskavatorla qazaraq qızıl dişlər axtarıblar. Məzarlıqların bu cür kütləvi şəkildə dağıdılması tarix boyu görünməyib”, – deyə o bildirib.

Diplomatik korpusun təmsilçiləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərindəki tarixi Xudafərin körpüsünə də baş çəkiblər.

Daha sonra heyət Zəngilan rayonuna gəlib. Burada erməni barbarlığına şahidlik edən diplomatlar Zəngilan şəhərindəki məscidə baxıblar. Ermənistan, işğal olunmuş ərazilərdəki digər məscidlər kimi, bu məscidi də dağıdıb, təhqir edib. Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatlara bu barədə ətraflı məlumat verib.

Mincivan qəsəbəsinə gələn diplomatik korpusun nümayəndələrinə məlumat verilib ki, vaxtilə buradan Naxçıvana gedən dəmir yolu xətti keçirdi. 1993-cü ildə Zəngilan rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra Mincivan dəmir yolu stansiyası ermənilər tərəfindən dağıdılıb, relslər sökülüb.

Diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş torpaqlara növbəti səfəri düşmənin viran qoyduğu bu yerlərdə musiqi səslənməsi ilə də yadda qalıb. Cəbrayıl şəhərindəki Mədəniyyət evi binasının qalıqları ilə tanışlıq zamanı burada uzun illərdən sonra ilk dəfə musiqi səsi eşidilib.

Azərbaycanın Dövlət Simli Kvartetinin skripkaçısı Ceyla Seyidova bu günəşli qış günündə, Araz boyu uzanan Cəbrayıl torpağında, həm də simvolik məna kəsb edən musiqi nömrələrini – Antonio Vivaldinin “Qış” konsertindən parça, Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamı və məşhur “Şindlerin siyahısı” filmindən kompozisiyanı ifa edib.

Ceyla Seyidova bildirib ki, işğaldan azad olunmuş torpaqlara ikinci dəfədir gəlir: “Dağıdılıb viran olunmuş yurd yerlərimizi görəndə çox kədərləndim. Bir vaxtlar burada insanlar xoşbəxt yaşayırdılar. Dağıntılar arasında musiqi səsləndirməyim bu baxımdan rəmzi məna daşıyır. Mən bu ifa ilə sülhə və firavanlığa çağırış etdim”.

İşğaldan azad edilmiş torpaqlarımızın tezliklə bərpa olunacağına, bu yerlərə yenidən həyat qayıdacağına əminliyini söyləyən Ceyla Seyidova uzun illərin torpaq həsrətinə son qoyduğuna görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan əsgərinə minnətdarlığını bildirərək deyib: “Şanlı Qələbəmiz sayəsində torpaqlarımıza Böyük Qayıdış başlayır. Ən böyük arzum bu torpaqlarda geniş konsert proqramı ilə çıxış etməkdir. Mən həmin günü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Ceyla Seyidova 1995-ci ildə Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka şöbəsini bitirib. Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatıdır. Adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.