5 fevral Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi üçün əlamətdar bir tarixdir. Böyük bəstəkar və pedaqoq Qara Qarayevin (1918-1982) dünyaya gəldiyi gün onun adını daşıyan məktəbin müəllim və şagird heyəti tərəfindən hər il musiqi bayramı kimi qeyd olunur. Bəstəkarın dünyasını dəyişdiyi dövrdən bizi 40 ilə yaxın bir zaman ayırır. Amma, bu zaman ayrılığına baxmayaraq, onun bizə əmanət etdiyi əsrarəngiz musiqi xəzinəsi Qara Qarayevi ruhən qəlbimizdə daima yaşadır.

Ənənəvi olaraq bu gün də bəstəkarın məzarı ziyarət edildi, məktəbdə onun əsərlərindən ibarət konsert proqramı təqdim edildi, sənətkarın ömür yolunu əks etdirən fotosərgi, məktəbin rəssamlıq şöbəsinin istedadlı şagirdlərinin əl işləri nümayiş etdirildi.

Konsert öncəsi Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli çıxış edərək, bildirdi ki, illər ötsə də Qara Qarayev sənətinin bəşəri mahiyyəti, milli və coğrafi sərhəd tanımaması, irqindən və dinindən asılı olmayaraq insanların qəlbinə və düşüncəsinə yol tapması mədəniyyətimizin təbliğatında önəmli rol oynayır.

Sonra məktəbin istedadlı şagirdlərinin ifasında bəstəkarın ölməz musiqiləri səsləndi. Pandemiya ilə əlaqədar ənənəvi tədris prosesindən bir müddət uzaq düşmələrinə rəğmən, şagirdlərin bu əsərləri mükəmməl səviyyədə ifa etmələri Qara Qarayev yaradıcılığına, şəxsiyyətinə olan böyük sevginin, marağın və hörmətin təcəssümüdür.

Konsert proqramına bəstəkarın "Yeddi gözəl" baletindən "Ayşənin rəqsi" (Tahirov Sübhan), "Vals" (Şahgəldiyev Əlipaşa), "İldırımlı yollarla" baletindən "Ehtiraslı qızın rəqsi" (Quliyeva Mehriban), "Don Kixot" simfonik qravürlərindən "Səyahət" (Terequlova Əmirə), "Gürcüstan təpələrində" romansı (Nurullayeva Zəminə), fortepiano üçün prelüd məcmuəsindən VII prelüd (Mənsurlu Sitarə), XVI prelüd (Əyyubova Mədinə), "Uşaq albomu" məcmuəsindən "Laylay" (Quliyev Toğrul), "Hekayə" (Hajihəsəni Kiyana), "Oyun" (Səmədzadə Mədinə) adlı əsərləri daxil idi.

Onu da qeyd edək ki, karantin müddətində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri arasında "Karantin ulduzları", "Karantin fəalları", "Bizi birləşdirən musiqi" adlı onlayn müsabiqələr keçirilib. Müsabiqə qaliblərinin diplomları məhz bu əlamətdar gündə məktəbin direktoru Əziz Qarayusifli tərəfindən təqdim olunub.