Fevralın 5-də Bülbülün Memorial Muzeyində “Şuşaya qayıdış” adlı tədbir keçirilib.

Muzeyin direktoru Fərqanə Cabbarova Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən danışıb, ölkəmizin ərazi bütövlüyünün bərpasından məmnunluğunu bildirib.

Tədbir çərçivəsində Prezident İlham Əliyevin işğaldan azad olunmuş Şuşaya səfərindən bəhs edən, həmçinin Bülbülün ifasında “Ölkəm” romansının (söz – Cəfər Cabbarlı, musiqi – Asəf Zeynallı) lent yazısı, sənətkarın Şuşadakı ev-muzeyi ilə bağlı videolar təqdim olunub.

Sonra Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının müəllim və şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları Ədilə Əliyeva, Həzrət Əzizli, Sevil Abdullayeva, Əli Xuduzadə, Təbriz Qədimalıyev və Oqtay Şərifovun ifasında Cahangir Cahangirovun “Qarabağ” mahnısı, “Sarı bülbül”, “Ay çiçək” Azərbaycan xalq mahnıları, Əlibaba Məmmədovun “Xudayar təsnifi” (“Vətən yaxşıdır”)  və “Qarabağ şikəstəsi” səsləndirilib. Tədbir “Zoom” proqramı vasitəsilə onlayn rejimdə də yayımlanıb.