Fevralın 5-də Qara Qarayevin Ev-Muzeyində də böyük bəstəkarın anadan olmasının 103-cü ildönümü qeyd edilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Fəxri xiyabanda bəstəkarın məzarını ziyarət ediblər. Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan ev-muzeyində “Qara Qarayev və Bakı Musiqi Akademiyası” mövzusunda görüş keçirilib.

Tədbir karantin şəraitinə uyğun şəkildə keçirilib. Bəstəkarın qızı, ev-muzeyin müdiri, pianoçu Züleyxa Qarayeva-Bağırova görüşdə onlayn formatda iştirak edib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən Qara Qarayevə aid arxiv materialları ilə bağlı hazırlanmış slaydın təqdimatını edib. Həmin materialların bir çoxu ilk dəfə nümayiş olunub.

Sonra Qara Qarayevin tələbələri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, ittifaqın katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, BMA-nın professoru, Xalq artisti Elnarə Dadaşova müəllimləri haqqında xatirələrini danışıblar.

Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, BMA-nın professoru, Fikrət Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin direktoru, Əməkdar müəllim Adilə Yusifova çıxış ediblər. Adilə Yusifovanın çıxışı P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının arxivində saxlanılan materiallar əsasında hazırladığı slaydla müşayiət olunub. Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov fortepianoda Qara Qarayevin əsərlərini ifa edib.