Mədəniyyət Nazirliyinin "Xristian irsimizi tanıyaq" layihəsi üzrə təqdimatlar davam edir. Layihənin növbəti videotəqdimatı Azərbaycanın Şəmkir şəhərində yerləşən alman lüteran kilsəsi haqqındadır.

XIX əsrin əvvəllərində Rusiya çarı I Aleksandrın razılığı ilə Almaniya ərazisindən (Baden-Vürttenberq torpağı) Qafqaza, o cümlədən Azərbaycanın qərb bölgələrinə köç edən alman icmasının buradakı yaşayış məntəqələrindən biri də indiki Şəmkir rayonu ərazisindəki Annenfeld qəsəbəsi olub. Almanlar burada 1909-cu ildə lüteran kilsəsi (kirxa) inşa ediblər.

Lüteran kilsəsi 32 il dini məbəd kimi fəaliyyət göstərib. 1941-ci ildə Stalinin fərmanı ilə almanlar deportasiya ediləndən sonra binada mədəniyyət və müəllimlər evi, daha sonra Tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərib.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildə binada əsaslı təmir və bərpa işləri həyata keçirilib və hazırda tikili tarixi abidə kimi qorunur.