Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton ilə görüşdə deyib.

Qonağı salamlayan Prezident İlham Əliyev bu səfərin yaxşı nəticələri olacağına əminliyini bildirib: “Bu, bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini və əlbəttə ki, əməkdaşlığımızı davam etdirmək üçün gələcək planlarımızı əks etdirir. Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Sizin Azərbaycana səfəriniz bunu bir daha nümayiş etdirir”.

Dövlət başçısı vurğulayıb ki, enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir: “Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır. Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir. Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var”.

Prezident diqqətə çatdırıb ki, Azərbaycanla Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatı yaradılıb və buna Böyük Britaniya, Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir. “Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır – demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq. Görüşümüzdən əvvəl mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, demək olar 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir”, – deyə İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, Britaniya şirkətləri ilə ölkəmizin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə dair müzakirələr də aparılır və bu istiqamətdə əməkdaşlıq üçün böyük potensial var. Buraya işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsi də aiddir: “Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir. Sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir”.

Böyük Britaniyanın dövlət naziri Vendi Morton da öz növbəsində ikitərəfli münasibətlərin geniş spektri olduğunu vurğulayıb və gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib. Britaniyalı nazir həmçinin ölkəmizə səfəri zamanı təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə də tanış olduğunu məmnunluqla qeyd edib.

Görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.