Dahi bəstəkar Qara Qarayev doğum günündə yad edildi

Azərbaycanın dünya şöhrətli bəstəkarı, görkəmli pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı, akademik Qara Qarayev (1918-1982) fevralın 5-də, anadan olmasının 103-cü ildönümündə bir sıra tədbirlərlə yad edildi.

Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış mədəniyyət və incəsənət xadimləri I Fəxri xiyabanda dahi musiqiçinin məzarını ziyarət etdilər.  

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir Hacıbəylinin ənənələrini yeni səviyyədə davam etdirən Qara Qarayev öz yaradıcılığı ilə əsl sənət məktəbi formalaşdırmağa müvəffəq olub.

Nazir qeyd etdi ki, Qara Qarayev qırx ilə yaxın yaradıcılığı dövründə, demək olar ki, bütün janrlarda əsərlər yaradıb. O, üç simfoniya, simfonik janrda 20-dən çox əsər, 50-dən artıq kamera əsəri, o cümlədən fortepiano üçün 24 prelüd bəstələyib, iki balet, opera, müzikl, kantata və oratoriyalar, habelə çoxsaylı teatr tamaşası və kinofilmlər üçün musiqilər yazıb: “Qara Qarayev yaradıcılığının tarixi əhəmiyyəti bundadır ki, o, Azərbaycan xalq musiqisinin dünya klassik musiqinin nailiyyətləri ilə uğurlu sintezini yaradıb. Onlarla görkəmli bəstəkar yetişdirən böyük sənətkarın davamçıları musiqi mədəniyyətimizin sonrakı inkişafında mühüm rol oynayıblar. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri olan Rauf Hacıyev, Arif Məlikov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Polad Bülbüloğlu, Fərəc Qarayev, Elnarə Dadaşova Qara Qarayev məktəbinin davamçılarıdır”.

Anar Kərimov onu da diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyinin təşkilati və maliyyə dəstəyi ilə 2018-ci ildən Fransanın məşhur “Mezzo” kanalında Qara Qarayevin simfonik və kamera-instrumental əsərləri böyük uğurla səslənir: “Qara Qarayev eyni zamanda sabahın musiqiçisidir. Onun parlaq yaradıcılığı artıq dünya musiqisinin ayrılmaz bir parçasıdır. Biz uzun illər sonra da bu ölməz musiqinin sədasını eşidəcək və qürur duyacağıq”.

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək böyük bəstəkarın bənzərsiz irsindən söz açdılar.

Mərasim iştirakçıları Qara Qarayevin məzarı üzərinə tər gül və çiçəklər düzdülər.

N.MƏMMƏDLİ