Azərbaycanın Çexiyadakı səfirliyi bu ölkədə dərc olunan “Çedok” səyahət toplusunda Dağlıq Qarabağ barəsində yanlış məlumatların yerləşdirilməsinə etirazını bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, səfirlik “Çedok” şirkətinə məktub göndərib və bu barədə şirkətin turizm üzrə baş direktoru ilə söhbət aparıb. Şirkət rəhbərliyinin nəzərinə çatdırılıb ki, Çexiya hökuməti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Onlara tövsiyə edilib ki, həm səyahət toplusundan, həm də şirkətin internet səhifəsindən Dağlıq Qarabağa səyahət təklifi yığışdırılsın.
   Nəticədə Dağlıq Qarabağa səyahət təklifi şirkətin rəsmi internet səhifəsindən götürülüb. Şirkətin rəhbərliyi toplunun yeni buraxılışında Dağlıq Qarabağa səyahət təklifinin olmayacağını vəd edib.
   
   FƏXRİYYƏ