Qarabağımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğulları xalqımıza şanlı Qələbə sevinci, sarsılmaz ruh yüksəkliyi bəxş etdilər. Qeyrətli Vətən oğulları keçilməz deyilən sədləri, dağları aşaraq doğma torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırdılar. Yağı tapdağındakı yurd yerlərimizə canı, qanı bahasına azadlıq gətirənlərin sırasında şəhid kapitan Şahmar Quliyevin də adı var.
Şahmar Kəmaləddin oğlu Quliyev 1991-ci il noyabrın 7-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini Naxçıvan şəhər M.Cəfərov adına 14 nömrəli tam orta məktəbdə alıb. Şahmar kiçik yaşlarından hərbçi olmaq arzusu ilə böyüyürdü. Bu amalın ardınca valideynlərinin xeyir-duası ilə 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunur. 2013-cü ildə mexanika mühəndisi kimi təhsilini müvəffəqiyyətlə başa vurur. Həmin ildən Ağcabədidə, sonra isə Ağdamda, düşmənlə təmas xəttində xidmətə başlayır.
Piyadaların döyüş maşını (PDM) komandiri olan gənc zabit nümunəvi xidməti ilə fərqlənir. Hərbi bilik və bacarığını artırır, tabeliyindəki şəxsi heyətin qayğısına qalır. Xidməti dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunur. 2016-cı il Aprel döyüşlərində böyük rəşadət göstərir, Lələtəpənin və strateji mövqelərin azad olunmasında iştirak edir.
2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusunun xalqımızın 30 illik yurd həsrətinə son qoymaq üçün başlatdığı haqq mübarizəsində minlərlə igid Vətən oğlu kimi Şahmar Quliyev də özünü odlu-alovlu səngərlərə atır. Vətən müharibəsinin ilk günündə Ağdərə istiqamətində düşmənin mühəndis-istehkam qurğularını, təmas xəttinə yeritdiyi zirehli texnikaları və canlı qüvvəsini məhv etmək əmri verilir.
Şahmar və döyüş yoldaşları Suqovuşana gedən yolun açılmasında müstəsna xidmətlər göstərirlər. Suqovuşan uğrunda gedən döyüşlərdə tabor komandiri, mayor Elgün Hacıyev başından ağır yaralanır. Şahmar döyüş yoldaşının həyatını öz canı bahasına xilas edir və özü də yaralanır. Həkimlərin etirazına baxmayaraq, Suqovuşanda mübarizəni davam etdirmək üçün yenidən cəbhəyə qayıdır. Sentyabrın 28-də düşmən snayperindən açılan atəş nəticəsində döyüş meydanında şəhid olur.
Şəhidin atası Kəmaləddin Quliyev Şahmarla sonuncu dəfə sentyabrın 26-da əlaqə saxladıqlarını deyir: “Həmin gün mənə zəng edərək xeyir-dua istədi. İki gündən sonra şəhid olması xəbərini eşitdik. O, Vətən qarşısında borcunu yerinə yetirərək istədiyi ali məqama qovuşdu. Vətən sağ olsun”.
Şahmarın anası Səkinə Quliyeva oğlunun Vətən uğrunda düşünmədən canını qurban verdiyini bildirir. Xalası Sona Cəlilova Şahmar haqqında danışmağın çətin olduğunu bildirir: “O, çox gülərüz, mehriban oğlan idi. Hər zaman məzuniyyətə gələndə mənimlə görüşərdi. Aprel döyüşlərinə gedəndə ona dedim ki, çalış çətinliyə düşəndə qorxmayasan. Şahmar isə cavab verdi ki, xala, gör mən heç qorxan oğullara oxşayıram. Məndən nigaran qalma. Sonuncu dəfə evə məzuniyyətə gələndə ona dedim ki, ad günündə yanına gələcəyəm. O, dedi ki, əziyyət çəkmə. Ad günümü gəlib evdə qeyd edəcəyəm. Tale elə gətirdi ki, Şahmar şəhidlik zirvəsinə ucaldığı üçün arzumuz reallaşmadı. Ad günü “qırx” mərasiminə düşdü və biz o günü qeyd edə bilmədik...”.
İndi şəhid Şahmar Quliyevin boya-başa çatdığı ev onun xatirəsini əbədiləşdirən fotolarla bəzənib. Şəhid zabitimizin özündən sonra qürurla seyr edəcəyimiz xatirə əşyaları, fotoları və Kamal adında bir övladı yadigar qalıb. Əminik ki, atasının qəhrəmanlıqlarını böyüdükcə daha yaxşı dərk edəcək bu körpə onun yolunu layiqincə davam etdirəcək...
Şahmar Quliyev oktyabrın 1-də Bakı şəhərində 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb. Dövlət başçısının müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin.
Nurəddin MƏMMƏDLİ