Azərbaycan

13 fevral 1910 –  Ədəbiyyatşünas alim, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini Həsən bəy Ağayevin qızıdır.

13 fevral 1927 – Xalq artisti Roza Heydər qızı Cəfərxanova (1927 – 18.5.2010) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası olub.

13 fevral 1946 – Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946 – 8.3.2006) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (2002-2006) edib. Kinoda (“Qızıl uçurum”, “Nəğmə dərsi”, “Küçələrə su səpmişəm” və s.) yaddaqalan obrazlar yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” – Nazim, 1978) layiq görülüb.

13 fevral 1948 – Xalq artisti, xanəndə Sabir Məhərrəm oğlu Əliyev (1948 – 22.12.2020) Cəlilabad rayonunda anadan olub. 1968-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı kimi çalışıb.

13 fevral 1952 – Tanınmış aktyor Şahmar Qərib oğlu Qəribli (1952-2018) anadan olub. H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb, filmlərdə çəkilib, tamaşalara quruluş verib.

13 fevral 2009 – Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik, Dövlət mükafatları laureatı  Bəxtiyar Mahmud oğlu Vahabzadə (16.8.1925 – 2009) vəfat edib. 20-dək poemanın, 10 dram əsərinin (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc” və s.) müəllifidir. 

 

14 fevral 1918 – Memarlıq doktoru, Dövlət mükafatı laureatı Davud Ağa oğlu Axundov (1918 – 19.11.2003) anadan olub. Qafqaz Albaniyası dövründə Azərbaycan memarlığının tarixinə dair əsərlərin müəllifidir.

14 fevral 1925 – Xalq artisti, dirijor, Dövlət mükafatı laureatı Nazim Əsədulla oğlu Rzayev (1925 – 2.5.2006) anadan olub. Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri olub, Türkiyədə çalışıb.

14 fevral 1940 – Azərbaycan Televiziyasının ilk diktorlarından Tamara Cəfər qızı Gözəlova-Ağamirova (1940 – 8.5.2020) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində (1956) Gülnaz roluna çəkilib. Milli Kitabxanada çalışıb.

14 fevral 1980 – Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894 – 1980) vəfat edib. “Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, “Onu bağışlamaq olarmı?” filminin rejissorudur. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

 

15 fevral 1909 – Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909 – 8.7.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

15 fevral 1914 – Xalq artisti, aktyor Muxtar Həsən oğlu Avşarov (1914 – 6.12.2004) anadan olub. Gəncə Dram, Akademik Milli Dram, Bakı Bələdiyyə teatrlarında çalışıb. “Dəli Kür”, “Qaçaq Nəbi”, “Kişi sözü” və s. filmlərdə çəkilib.

15 fevral 1923 – Musiqişünas, sənətşünaslıq namizədi Xanlar Həmid oğlu Məlikov (1923-1999) anadan olub. A.Zeynallı haqqında monoqrafiyanın, muğamların lad intonasiya xüsusiyyətləri haqqında tədqiqatların müəllifidir.

15 fevral 1933 – Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933 – 1.11.2005) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Milli Dram Teatrında çalışıb. Filmlərdə (“Onu bağışlamaq olarmı?”, “Qırmızı qar”), televiziya tamaşalarında çəkilib.

15 fevral 2005 – Xalq artisti, teatr və kino aktrisası Xuraman Hacıyeva (7.3.1945 – 2005) vəfat edib.

 

16 fevral 1913 (yeni təqvimlə 1 mart) – Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Qafar oğlu Məmmədxanlı (1913 – 19.12.1990) Göyçayda anadan olub. “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” pyeslərinin, nəsr əsərlərinin müəllifidir. “Fətəli xan”, “Leyli və Məcnun “, “Babək” filmlərinin ssenarisini yazıb.

16 fevral 1916 – Tanınmış sənətşünas, akademik Əbdülvahab Rəhim oğlu Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair tədqiqat əsərlərinin, “Abidələr danışır”, “Azərbaycan memarlıq abidələri” və s. kitabların müəllifidir.

16 fevral 1918 – Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918 – 10.6.2008) anadan olub. Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindəndir.

16 fevral 1925 – Görkəmli memar Zivər bəy Əhmədbəyov (1873-1925) vəfat edib. Təzəpir məscidinin layihə müəllifidir. Cümhuriyyət dövründə Bakının baş memarı olub.

16 fevral 1945 – Opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 20.3.1879 – 1945) vəfat edib.

 

Dünya

 

13 fevral 1873 – Rus opera müğənnisi Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.

13 fevral 1903 – Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub.

 

14 fevral 1483 – Özbək şairi və yazıçısı, dövlət xadimi, Böyük Moğollar dövlətinin qurucusu Zahirəddin Məhəmməd Babur (1483-1530) anadan olub. Əmir Teymurun nəslindəndir, “Baburnamə”nin müəllifidir.

14 fevral 1914 – İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi; 1914-1974) anadan olub. “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.

14 fevral 1944 - İngilis rejissoru və ssenaristi Alan Parker (Alan William Parker; 1944 –31.7.2020) anadan olub. “Gecəyarısı ekspessi”, “Mələk ürəyi” filmlərini çəkib, Kann kinofestivalının qalibi olub.

 

15 fevral 1873 – Rus-Amerika violonçelisti və dirijoru, Nyu-York rus simfonik orkestrinin qurucusu Modest İssakoviç Altşuler (1873-1963) anadan olub.

15 fevral 1906 – Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində əsir götürülüb, Berlində Moabit həbsxanasında öldürülüb.

 

16 fevral 1845 – Amerika yazıçısı Corc Kennan (George Kennan; 1845-1924) anadan olub.

Hazırladı:  Vüqar ORXAN