1992-ci ildə qətlə yetirilən sakinlərin qisası 2020-ci ilin Vətən müharibəsində düşməndən alındı
17 fevral Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin ən qanlı səhifələrindən olan Qaradağlı faciəsinin ildönümüdür. 1992-ci ilin bu günündə erməni silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın Xocalı soyqırımından sonra xalqımızın Qarabağda yaşadığı ikinci böyük müsibətdir.
Qaradağlı kəndi Birinci Qarabağ müharibəsində ən çox ağrı-acı görmüş kəndlərimizdəndir. Kənd əhalisi işğala qədər iki ilə yaxın erməni silahlı dəstələrinin hücumlarına qarşı rəşadətlə müqavimət göstərib.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlanıb.
1990-cı il noyabrın 24-də üç nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn “UAZ” markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulub, bir nəfər öldürülüb, dörd nəfər yaralanıb. Onlardan ikisi sonralar aldığı yaralardan dünyasını dəyişib. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Həmin il iyunun 28-də kəndin yaxınlığındakı fermada altı sakin – üç kişi və üç qadın diri-diri yandırılıb.
1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu erməni quldurları tərəfindən atəşə tutulub, 8 nəfər (6-sı qadın) həlak olub. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən keçmiş Sovet Ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş Qaradağlı kəndinə hücuma keçdilər. Kəndin əlisilahlı yüzə yaxın sakini və 14 əsgər sonuncu gülləyə qədər üç gün düşmənə qarşı döyüşdü. Amma qüvvələr qeyri-bərabər idi. Döyüşlərdə 14 nəfər həlak oldu.
1992-ci il fevralın 17-də Qaradağlı işğal edilərək yandırıldı. Kəndin “Bəylik bağı” adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələnmişdi. İşğal zamanı 118 nəfər əsir götürülmüşdü. Onlardan 68 nəfəri öldürülmüşdü. 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edildi.
Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilmiş, 43 ailə öz başçısını itirmiş, 146 uşaq yetim qalmışdı. Ümumilikdə kəndin 91 nəfər sakini qətlə yetirilmişdi. Onlardan 10-u qadın, 8-i məktəbyaşlı uşaq idi.
2020-ci ilin Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə erməni işğalının bütün qurbanlarının, o cümlədən Qaradağlıda qətlə yetirilən sakinlərin qisası düşməndən alındı...