Əzizinəm, Haçadağ,
Gəldim uça-uça, dağ,
Mən də sənin bir balan
Sayma məni heçə, dağ...

Doğulduğu evin solunda Haçadağ (İlandağ), arxasında yenilməzlik simvolu Əlincəqala, sağında Gen dağ, önündə isə Darıdağ. Hər tərəfdən vüqarlı dağlarla çevrələnən bir yurdun insanı niyə həmişə zirvə eşqində olmasın? Ayağı yer tutandan gözləri göyə – haqqında əfsanələr dolaşan İlandağın zirvəsinə dikilərdi. Hər səhər bu əzəmətli dağın özündən çox-çox böyük kölgəsini izləyərdi. Valideynlərindən “niyə o taydakı kəndə gün düşür, ancaq bizim evimiz hələ də kölgədə qalıb”, deyə soruşardı. Böyükləri də hər dəfə “günah”ı adı qədər qorxulu olmayan bu dağın üstünə atardılar...

İlk dəfə İlandağın zirvəsinə çıxanda məktəbli idi. Atasını sual yağışına tutmuşdu. Cavablar sadə olsa da, bir qədər izahat tələb edirdi: O dağın arxasında Təbriz şəhəri var, bu başı ağ örpəkli dağın o üzü Şuşadı, Bakıdı, Xəzərdi. Amma aramızda Ermənistan var.

Bu sonuncu cümlə ata ilə oğulun dialoquna son qoymuş, ortaya sükut çökmüşdü. İllər sonra onun da iştirakı ilə bu sükut elə pozulacaqdı ki, bütün dünyanın diqqətini özünə cəlb edəcəkdi...

Dünyanın haqq-ədalət zəlilliyimizə 30 illik susqunluğunu pozan 44 günlük Vətən müharibəsinin adı kimi coşqun döyüşçüsü, kəşfiyyatçı snayper, şəhid Coşqun Oruc oğlu Orucovdan söz açıram. “Coşqun döyüşçü”lüyə hələ 5-6 il əvvəldən hazırlaşan əsgərdən...        

O, 28 yanvar 2001-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olmuşdu. Atasının işi ilə əlaqədar ailəsi 2007-ci ildə Bakıya köçür. Suraxanı rayonundakı 315 nömrəli tam orta məktəbdə təhsilə başlayır. İlk illərdən tez-tez məktəblərindəki Azərbaycan Ordusu ilə bağlı guşənin qarşısında dayanar, özünün də gələcəkdə hərbi forma geyinəcəyini, “ulduz” daşıyacağını düşünürdü. Doqquzuncu sinfi bitirəndə artıq qərarını qətiləşdirmişdi. Ailəsindən xəbərsiz Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə təqdim etmək üçün sənədlərinin müəyyən hissəsini də hazırlamışdı. Lakin valideynləri məsafənin uzaqlığını bəhanə edərək onun bu arzusunun gerçəkləşməsinə imkan verməmişdilər. Ancaq o, hərbçi olmaq istəyindən heç vaxt vaz keçməmişdi.

Coşqun Orucov orta məktəbi bitirib hərbi xidmətə yollanır. Naxçıvandakı N saylı hərbi hissədə uğurla xidmət edir. 2019-cu ilin noyabr ayında məzuniyyətə gələndə əynindəki hərbi geyimi bir daha çıxarmayacağını ailəsinə bildirir. Xidmətini başa vurur və dediyinin üstündə möhkəm dayanır. Naxçıvanda müddətdən artıq hərbi xidmət qulluqçusu – kəşfiyyatçı snayper kimi fəaliyyətə başlayır.

Ötən ilin sentyabrında xalqımızı yumruq kimi birləşdirən Vətən müharibəsində Naxçıvandan gətirilən xüsusi təyinatlıların bir bölməsi ilə oktyabrın 16-dan Xocavənd rayonu ərazisində hərbi əməliyyatlara qoşulur. Daha sonra Şuşa istiqamətində döyüşlərdə iştirak edir.

O, əsl kəşfiyyatçı idi – dəqiq, qapalı. Atası Oruc Orucov oğlunun hərdən axşamlar evə zəng etdiyini, lakin qısa danışdığını bildirir. Hər dəfə danışanda “Narahat olmayın, hər şey yaxşıdı, irəliləyirik. Xoş xəbərlər eşidəcəksiniz. Biz Qələbə qazanacağıq”, deyirmiş.

Oktyabrın 25-də onun da təmsil olunduğu kəşfiyyat heyəti uğurlu əməliyyata imza atır. Mənfur düşmən əhəmiyyətli bir mövqeyini itirməli olur. Onların şücaəti ilə arzularımızın şəhəri olan Şuşaya gedən yolda bir maneə də aradan qalxır. Ancaq bu, Coşqunun sonuncu döyüşü olur.

Döyüş yoldaşı Kərim Məmmədov deyir ki, Coşqun çox münasib bir mövqedə dayanıb düşmən əsgərlərini “dənləyirdi”: “Eyni mövqedə döyüşü davam etdirmək təhlükəli idi. Artıq özü hədəfə çevrilirdi. Qrupun komandiri bu haqda onu xəbərdar edəndə Coşqun qısa möhlət lazım olduğunu dedi: “Beşini zərərsizləşdirmişəm, biri qalıb, onu da aşırmalıyam, hədəfdən yayınacaq”. Elə bu sözləri deyib qurtarmışdı ki, düşmən mərmisinə tuş gəldi və şəhid oldu”.

Coşqun Orucov oktyabrın 26-da Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində torpağa tapşırılıb. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ruhu şad olsun.

Fariz YUNİSLİ