Sənanın vətənə olan sevgisi Tanrıdan gəlirdi. Köksündə çağlayan həyat eşqi, qurub-yaratmaq amalı, qəlbinə axıb dolan saflıq sevda yolçusu olduğu bu ilahi ucalığın  nurundan mayalanırdı. Bu bağlılığı 44 günlük  haqq savaşında da sübut etdi. Vətənin harayına vaxtında yetməklə ömrünün ən şirin çağında, 19 yaşında onun yolunda canından keçdi.

Sənan Nasif oğlu Səlimov Masallı rayonunun Təzə Alvadı kəndində boya-başa çatmışdı. Hələ məktəb illərindən yurdsevərliyi, qarı düşmənə nifrəti özünü göstərirdi. Sənan ilk gündən müqəddəs əsgərlik borcunun şərəfini yaxşı başa düşürdü. Bundan ötrü bütün təlimlərdə fəal iştirak edir, hərbi sənətinin sirlərinə mükəmməl yiyələnirdi. 30 il erməni işğalı altında qalan torpaqlarımız uğrunda döyüşə tam hazır idi. Buna görə də 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda qeyrətli oğullar sırasında odun-alovun içinə girir. Dığalara sarsıdıcı zərbələrin vurulduğu döyüşlərdə azad olunan hər qarış torpağa ürəkdən sevinirdi.

Oktyabrın 14-də son dəfə səngərə atılır. Son nəfəsinə qədər ölümə meydan oxuyaraq şəhidlik zirvəsinə ucalır. İgid Vətən oğlunu ürəklərə aparan əbədiyyət ünvanı belə  başlanır. O, canını Vətənə fəda etməklə əbədi ömür qazandı.

İgid əsgər Sənan Səlimov ölümündən sonra “Füzulinin  azad olunmasına görə” medalına layiq görülüb.

Allah rəhmət eləsin.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü