Dəyərli biblioqraf alim, səriştəli təşkilatçı, gözəl pedaqoq, tələbələrin sevimli müəllimi Nadir İsmayılovun bu günlərdə 65 yaşı tamam oldu. O, Bakı Dövlət Universitetində təhsil alarkən tanıdığım ilk müəllimlərdəndir. 21 il ərzində Nadir müəllimi həm müəllim, həm səriştəli alim, həm də ata qayğısı ilə tələbələrinin təəssübünü çəkən, onlara təkcə universitetdə deyil, iş həyatında da dəstək olan, hər zaman köməyə çatan təvazökar insan kimi tanımışam.

Nadir İslam oğlu İsmayılov 1956-cı il fevral ayının 5-də Beyləqan rayonunun Əmirzeyidli kəndində anadan olub. 1973-cü ildə Şahsevən kənd 1 saylı orta məktəbi bitirib. 1974-1979-cu illərdə BDU-nun Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində təhsil alıb. Əla qiymətlərlə oxuduğuna görə Cəfər Cabbarlı adına təqaüdə layiq görülüb, təhsil ocağını fərqlənmə diplomu ilə bitirib.

Nadir müəllim bir müddət M.F.Axundzadə adına Azərbaycan Respublika Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Elmi-metodiki şöbəsində böyük kitabxanaçı vəzifəsində çalışıb. 1979-1982-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əyani aspirantı olub. 1982-ci ildən BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1987-ci ildə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Təbabət üzrə məhəlli kitabxana-biblioqrafiya ehtiyatlarının inkişafı, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları (Azərbaycan materialları əsasında)” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi (fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. 1992-ci ildən dosent kimi Azərbaycanda təbabətin biblioqrafiyası, biblioqrafiyaşünaslıq, biblioqrafiyaşünaslığın tədrisi metodikası, soraq biblioqrafiya xidmətinin təşkili və idarə olunması və s. fənləri tədris edir.

Nadir İsmayılov 3 monoqrafiya, 9 kitab, 100-dən çox məqalənin müəllifidir. Bunlardan “Xəzər dənizi və neft” (2003), “Biblioqrafik tərtibatın metodikası” (2004), “Kitabxanada ölkəşünaslıq üzrə biblioqrafik fəaliyyətin təşkili” (2004), “Heydər Əliyev və Azərbaycan elmi” (2010), “Kitabxanalarda biblioqrafik işin təşkili və metodikası” (2018) adlı kitablar xüsusilə əhəmiyyətlidir. Alim “Azərbaycan Respublikasında kitabxana-biblioqrafiya və informasiya resursları: formalaşması, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları” mövzusunda elmlər doktorluğu dissertasiyasını da tamamlayıb.

Zəhmətkeş alim həyatının 30 ildən çoxunu kitabxanaşünaslıq-biblioqrafiya elminin inkişafına həsr edərək təkcə Azərbaycanda deyil, dünya miqyasında biblioqraf alim kimi şöhrət qazanıb. İlk dəfə olaraq Azərbaycanda biblioqrafiyanın biblioqrafiyası sahəsində mühüm tədqiqatlar aparıb. 2003-cü ildə “Azərbaycan biblioqrafiyasının biblioqrafiyası” adlı sanballı əsəri işıq üzü görüb. Bundan başqa, o, Azərbaycan Milli Kitabxanasının “Birillik Azərbaycan Kitabiyyatı” biblioqrafik göstəricisinin redaktoru, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun 2013-cü ildə nəşr etdirdiyi “Mirzə Fətəli Axundzadə” elmi-biblioqrafik göstəricisinin tərtibçisi, “Azərbaycan Xalq Cümhuriyyəti - 100: elmi-biblioqrafiya” (2018) adlı biblioqrafik göstəricinin tərtibçi-müəllifi olub. Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə layihəsi kimi 2015-ci ildə işıq üzü görmüş “Azərbaycan Kitabxana Ensiklopediyası”nın hazırlanmasında onun da zəhməti var.

2013-cü ildə Almaniyanın “Lambert” akademik nəşriyyatında “Azərbaycanın kitabxana-biblioqrafiya və informasiya resursları: inkişaf mərhələləri, vəziyyəti və təkmilləşdirilməsi yolları” adlı monoqrafiyasının (rus dilində) çap olunması Nadir müəllimin Azərbaycan biblioqrafiyaşünaslığının inkişafı və dünyaya tanıdılması sahəsində göstərdiyi böyük xidmətlərdəndir. Reytinqli beynəlxalq elmi jurnallarda müxtəlif dillərdə məqalələrinin dərc olunması da alimin araşdırmalarının dəyərinin daha bir göstəricisidir.

Nadir İsmayılov səmərəli elmi və pedaqoji fəaliyyəti ilə yanaşı, həm də gözəl təşkilatçılıq keyfiyyətlərinə malik bir insandır. Fasilələrlə 1994-2003-cü illərdə Kitabxanaçılıq-informasiya fakültəsində dekan müavini, 2007-ci ildən Biblioqrafiyaşünaslıq kafedrasının müdir əvəzi vəzifələrində çalışıb, 2012-ci ildən kafedra müdiridir. Onun elmi məsləhətçiliyi ilə iki fəlsəfə doktoru müvəffəqiyyətlə dissertasiya müdafiə edib.

Azərbaycan kitabxanaşünaslıq və biblioqrafiya elminin inkişafında, pedaqoji fəaliyyətində göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, fəxri fərmanı və BDU-nun fəxri fərmanı ilə təltif olunub. 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib. Həmçinin 2014-cü ildən BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvüdür.

Nadir İsmayılov eyni zamanda bir sıra ixtisas jurnallarının – BDU-nun “Kitabxanaşünaslıq və biblioqrafiya” jurnalının baş redaktor müavini, “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri və praktik, “Kitabşünaslıq və redaktor sənəti” jurnallarının, AMEA Əlyazmalar İnstitutunun “Elmi əsərləri”nin redaksiya heyətinin üzvüdür. Son illər dosent BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində sənədşünaslıq, biblioqrafiyaşünaslıq, xarici biblioqrafiya fənlərini yüksək səviyyədə tədris edir, eyni zamanda informasiya logistikası və konsaltinqi, informasiya naviqasiyası istiqamətləri üzrə tədqiqatlar aparır.

Hörmətli Nadir müəllim, sizin 65 yaşınızı ürəkdən təbrik edir, möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər diləyirəm.

Adilə ABDULLAYEVA
UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru