Bu bayramın dünyada tanınması üçün nə edirik?
      
   Müasir dövrdə turistlərin dünyanın hər hansı bölgəsinə səfərinin əsas hərəkətverici amillərindən biri yerli mədəniyyətə maraqdır. Hər il milyonlarla turistin dünyanın müxtəlif ölkələrinə səyahət etməsinin əsas səbəbi yerli xalqların mədəniyyəti, həyat tərzi, özünəməxsus adətləri, milli bayramları ilə daha yaxından tanış olmaq həvəsidir. 
   
   Azərbaycan xalqı həmişə spesifik mədəniyyəti və adət-ənənələri ilə dünya xalqlarından fərqlənir. Bu xalq ləziz xörəkləri, milli geyimləri, rəqsləri, oyunları və bayramları ilə də diqqəti cəlb edib. Bunlardan ən qədimi o dövrün adət-ənənələrini günümüzə qədər qoruyub saxlayan və öz orijinallığı ilə seçiləni Novruz bayramıdır.
   Dünyanın bütün xalqlarının öz milli bayramları var. Maraqlısı odur ki, bəzən bu ölkələr öz bayramlarını elə bir səviyyədə təqdim edirlər ki, həmin ərəfədə ölkəyə minlərlə turistin gəlməsi ilə nəticələnir. Təqdim etdiyimiz araşdırmada Novruz bayramının da turizm məhsulu kimi perspektivini aydınlaşdırmaq fikrindəyik.
   
   Hindistanda Holi, Çində Sinmin, Amerikada Şükranlıq...
   
   Dünyanın müxtəlif dövlətlərində turizm əhəmiyyəti baxımından onlarla bayramlar mövcuddur. Hindistanda Holi adlanan bahar bayramı keçirilir. Təbiət oyanmağa başlarkən insanlar yazın gəlişini qeyd edirlər. Bu, qədim ənənələrlə, əfsanələrlə bağlıdır. Çində Novruza oxşayan bayrama Sinmin deyirlər. Həmin vaxt insanlar şəhər və kənd ətrafına gəzintiyə çıxır, çərpələng uçurur, baharın gəlişini qeyd edirlər. Sinmində də bayramın mühüm atributlarından biri boyanmış yumurtadır. Pasxa bayramı da Xeyirlə Şərin mübarizəsini simvolizə edir və bayram boyunca insanlar Xeyirin qalib gəlməsi üçün müxtəlif tədbirlər həyata keçirirlər. Məqsəd isə yeni yazın bolluq, bərəkət gətirməsidir. Braziliyada ənənəvi olaraq keçirilən Samba bayramı böyük coşqu ilə qeyd olunur. Minlərlə adam küçələrə çıxır, kütləvi şəkildə rəqs edir, şənlənirlər. Bu bayramlar bütün dünyada məşhurdur. Hər il bu tədbirlər zamanı dünyanın müxtəlif ölkələrdən milyonlarla turist gəlir. Bayramlar bu ölkələrin büdcəsinə milyonlarla xeyir verən sahələrdən biridir.
   
   Turizm təşkilatları hansı işləri görürlər?
   
   Novruz koloritinə görə dünyada kütləvi şəkildə qeyd olunan analoji bayramdan geri qalmır. Sadəcə olaraq, dövlət və kommersiya sektoru, xüsusilə turizm təşkilatları onun beynəlxalq səviyyədə təbliği üçün səylə çalışmalıdır. 2009-cu ilin sonlarında Novruz bayramı YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi, BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıması bu prosesi daha da gücləndirir.
   Bəs turizm fəaliyyəti ilə məşğul olan təşkilatlar Novruzu dünya turistlərinin tanıyıb, maraq göstərdiyi bayramlar siyahısına salmaq üçün hansı işləri görürlər?
   «Bakı-tur» turizm şirkətinin rəhbəri Fayis Məmmədovun dediyinə görə, Bakı Turizm İnformasiya Mərkəzi ilə Novruz ərəfəsində bir neçə layihə planlaşdırıblar: «Mərkəz Novruz atributlarını özündə əks etdirən bukletlər və disklər hazırlayıb. Biz də bu reklam-çap məhsullarını xarici ölkələrdə paylamaqla məşğuluq. Turizm şirkəti kimi isə hələ ki hər hansı buklet hazırlamamışıq. Əsasən İran və Türkiyədən gələn turistlər Novruzla daha çox maraqlanırlar».
   
   Novruz bayramı beynəlxalq bayramlar sırasına düşə bilər...
   
   Turizm üzrə mütəxəssis, «Sevgün Travel» turizm şirkətinin rəhbəri Bahadur Bilalov bildirir ki, Novruzun adı dünyaşöhrətli bayramların sırasında çəkilmir. Hətta bu bayram ərəfəsində şənlikdə iştirak etmək üçün Azərbaycana gələn xarici turistlərin də sayı yetərincə olmur.
   B.Bilalovun sözlərinə görə, xarici turistlərin marağını ölkəmizə cəlb etmək üçün bu bayramı sistemli şəkildə təşkil etmək lazımdır: «Bunun üçün turizm təşkilatları internet səhifələrində Novruz bayramını əks etdirən təbliğatı genişləndirməklə, turistlərdə mədəniyyətimizə qarşı böyük maraq yaratmalıdırlar».
   Mütəxəssis, Azərbaycanda keçiriləcək beynəlxalq tədbirləri bahar bayramı vaxtına salmağı, gələn turistlərə bayramın adət-ənənələrini olduğu kimi çatdırmağı, Novruzu əks etdirən suvenirlərin istehsalını təşkil etməyi tövsiyə edir.
   
   «Berlin-İTB»də Novruz süfrəsi açılacaq
   
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun dediyinə görə, Novruz bayramı münasibətilə mart ayı ərzində həm xaricdə, həm də Azərbaycanın daxilində təmsil etdiyi qurumun dəstəyi ilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə ki, turizm şirkətləri martın 19-dan 21-nə qədər respublikamızın qərb bölgəsinə «Gəncə-Qazax» turlarını keçirməyi planlaşdırır: «Bu, Gəncənin əfsanələr paytaxtı və Qazağın folklor paytaxtı elan edilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihəyə dəstək məqsədilə və adıçəkilən regionun turizm potensialının tanıtdırılması yönündə atılan bir addımdır. İkinci bir tərəfdən, bildiyiniz kimi, qərb bölgəsində Novruz özünəməxsus formada qeyd edilir. Xüsusilə Qazaxda bu bayramın keçirilməsi özəl mərasimlərlə yadda qalır. Turistlərdə regionlarımıza, adət-ənələrimizə maraq yaratmaq baxımından belə layihələrin reallaşdırılması, hesab edirəm ki, çox vacibdir».
   Müsahibimiz bildirdi ki, mart ayı ərzində nazirlik ölkəmizi iki beynəlxalq turizm sərgisində də təmsil edir. Bunlardan biri, Almaniyada baş tutan «İTB-Berlin», digəri isə Moskvada keçiriləcək beynəlxalq turizm və səyahətlər sərgisidir. M.Qəhrəmanov deyir ki, əvvəlki illərdən fərqli olaraq, bu il Novruz bayramı haqqında hər iki sərgidə ziyarətçilərə daha geniş məlumat veriləcək: «Nazirlik tərəfindən xalqımızın Novruz ənənələrini əks etdirən xeyli sayda reklam-çap məhsulları, o cümlədən buklet və disklər hazırlanıb. Bundan əlavə, «İTB-Berlin» sərgisinə bayramın simasını göstərən obrazlar - Keçəl, Kosa, Bahar qızı da aparılıb. Həmçinin hər iki sərgidə Novruz şirniyyatlarından ibarət süfrə açılacaq».
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar