Layihə konsepsiyasının hazırlanmasına italiyalı ekspertlər də cəlb olunub

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən işlər davam etdirilir.

Layihənin yüksək səviyyədə icrası üçün nazirlik tərəfindən yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərə də müraciət olunub. Bununla əlaqədar İtaliyanın məşhur multimedia şirkəti olan “G GROUP” ilə əməkdaşlığa başlanılıb. “G GROUP” şirkəti bir sıra beynəlxalq layihələri uğurla icra edib.

Qeyd edək ki, fevralın 9-da İtaliya şirkətinin nümayəndələri ilə Mədəniyyət Nazirliyinin rəhbərliyi arasında onlayn görüş təşkil edilib və ilkin müzakirələr aparılıb.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının mükəmməl işlənilməsi üçün məkanla yerində tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə 19-21 fevral tarixində “G GROUP” şirkətinin işçi heyətinin – yaradıcı icraçı direktor və bədii rəhbər Fabrizio Conti, strategiya üzrə məsləhətçi Laura Conti, memar, muzey və ekspozisiya dizayneri Nicola Pavan və memar Carlo Pavanın Bakıya səfəri təşkil olunub.

Səfərin ilk günü Mədəniyyət Nazirliyində italiyalı heyətlə görüş keçirilib. Mədəniyyət naziri Anar Kərimov görüş zamanı Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin dövlətimizin və xalqımızın əzmkarlığı nəticəsində qazandığı şanlı Qələbəni, Vətən müharibəsinin gedişatını müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olmasının vacibliyini vurğulayıb.

Görüşdə layihə çərçivəsində görüləcək işlər, ilkin ideyalar və planlar müzakirə edilib.

***

Qeyd edək ki, hazırda İtaliyanın şirkət və mütəxəssisləri ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhərsalmanın planlaşdırılması, bərpa və yenidənqurma layihələrində əməkdaşlıq imkanları da müzakirə edilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bu məqsədlə  fevralın 22-də İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə birgə videoformatda görüş təşkil edilib. Onlayn görüşdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli də iştirak edib.

Görüşdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İtaliya təşkilatlarını Qarabağ regionunda şəhərsalmanın planlaşdırılması, zəngin tarixi-memarlıq irsimizin bərpası və yenidənqurma işlərində iştirak etməyə dəvət edib.

Qarabağın yaşayış məntəqələrinin baş planlarının hazırlanması və tarixi-memarlıq abidələrinin bərpası sahəsində görülən işlərə dair təqdimatlar olub.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin rəsmiləri ilə yanaşı, İCE – İtaliya Ticarət Agentliyi, OİCE – İtaliyanın memarlıq, mühəndislik və texniki-iqtisadi konsaltinq şirkətləri assosiasiyası, “Assorestauro” – İtaliyanın memarlıq, incəsənət, restavrasiya və şəhər bərpası üzrə assosiasiyası, “Confindustria” – İtaliyanın sənaye və xidmət şirkətləri assosiasiyası, SACE – İtaliya İxrac-Kredit Agentliyi, ANCE – İtaliyanın Milli İnşaatçılar Assosiasiyası və “Elettricita Futura” – İtaliyanın elektrik enerjisi şirkətləri assosiasiyasının təqdimatları edilib, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.