Onlayn görüşdə müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və İtaliyanın Romualdo del Bianko Fondunun təşkilatçılığı ilə “Qlobal pandemiyadan sonra turizm məkanlarında həyatın yenidən canlandırılması” mövzusunda onlayn tədbir keçirilib.

Universitetin rektoru İlham Mədətov İtaliya və ölkəmiz arasında inkişaf edən əlaqələrdən, ATMU-nun Romualdo del Bianko Fondu ilə əməkdaşlıq perspektivlərindən bəhs edib. “Qlobal pandemiyadan sonra turizm məkanlarında həyatın yenidən canlandırılması” layihəsinin əhəmiyyətini qeyd edən rektor bu çərçivədə ATMU tələbələrinin ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin turizm imkanlarının tanıtımında iştirakını xüsusi dəyərləndirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU tələbələrinin bu fəaliyyətə cəlb olunması həm önəmli, həm də məsuliyyətlidir.

Xatırladaq ki, Romualdo del Bianko Fondu İtaliyanın mədəni irs, mədəni turizm və mədəniyyətlərarası dialoq çərçivəsində beynəlxalq tədbirlərin təşkili, elmi araşdırmaların aparılması və sair istiqamətlərdə fəaliyyət göstərən aparıcı təşkilatıdır. ATMU ilə dörd il əvvəl başlanan əməkdaşlıq əlaqələri çərçivəsində universitetin nümayəndələri tərəfdaş təşkilatın keçirdiyi tədbir və sərgilərə qatılıblar.