Analar dünyaya oğul gətirir, ona layla çalır, “tez böyü, əsgər ol”, deyirlər. Oğullar bu ruhda böyüyür və Vətən dara düşəndə “Öncə Vətən” deyərək gözlərini qırpmadan silaha sarılaraq, ana yurdun müdafiəsinə qalxırlar. Canları, qanları bahasına bu müqəddəs əmanətə sahib çıxan igid oğullarımız 44 günlük Vətən müharibəsində gerçək fədakarlıq örnəyi göstərərək şanlı tarix yazdılar.
Respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonundan da cəngavər oğullar Vətən müharibəsində böyük məğrurluqla iştirak etdilər. Şəhidlik zirvəsinə yüksələnlər, sağlamlığını itirənlər oldu. Şəhadətə yetişən belə igid oğullardan biri də, dövlət başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş gizir Cəmil Əflatun oğlu Həşimlidir.
1995-ci ildə Kürdəmir rayonunda doğulan Cəmil Vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edərək böyük şücaətlər göstərib. Oktyabrın 5-də Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Kürdəmir rayon MKS-nin Mərkəzi kitabxanasının təşkilatçılığı ilə şəhid gizirin xatirəsinə həsr edilmiş “Qısa ömrün şərəfli tarixi” adlı onlayn anım tədbiri təşkil edildi. Onlayn mərasimdə şəhidin anası, yaxın qohumları, rayon ziyalıları və mədəniyyət işçiləri iştirak etdilər. Tədbirdə Cəmil Həşimlinin qısa, lakin fəxr olunası həyat yoluna nəzər salındı. Onun hələ kiçik yaşlarından ailəcanlı olmasından, anasının, özündən böyük və kiçik qardaşının hər zaman qayğısına qalmasından, vətənpərvərliyindən söz açıldı. Bildirildi ki, Cəmil uşaqlıqdan hərbçi olmaq istəyirdi.
Tədbirdə şəhid gizirə həsr edilmiş videoçarx təqdim edildi, vətənpərvərlik ruhlu şeirlər səsləndirildi.
Məryəm ƏLİYEVA
Kürdəmir rayon MKS-nin baş biblioqrafı