ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın (Raoul Contreras) müəllifliyi ilə fevralın 23-də Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildirilib ki, veriliş müəllifin “The Contreras Report: İnternational Edition” müəllif proqramı çərçivəsində hazırlanıb.

Qeyd edək ki, R.Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir, Azərbaycan haqda bir sıra nüfuzlu mətbu orqanlarda məqalələri dərc olunub.

Verilişdə müəllif 1992-ci ilin fevralında erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaqlar və qadınlar da daxil olmaqla çoxlu sayda insanı qətlə yetirdiklərini, əsir götürdükləri azərbaycanlılara qarşı ağılasığmaz işgəncələr verdiklərini vurğulayır.

R.Kontreras Xocalıda baş verən qırğının soyqırımı, insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirir, bu barədə əcnəbi müəlliflərin yazdığı kitablar haqda məlumat verir. O, həmçinin Xocalı qırğınında iştirak etmiş Kaliforniyadan olan erməni terrorist Monte Melkonyanın qardaşının yazdığı kitabdan və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın mövzu ilə bağlı müsahibəsindən sitatlar gətirərək, ermənilərin Xocalıda törətdiyi vəhşilikləri necə etiraf etdiklərini diqqətə çatdırır.

R.Kontreras Xocalı soyqırımını törədənlərin indiyədək cazalandırılmadığını, onlardan bir çoxunun Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını və hökumətdə yüksək vəzifə tutduğunu qeyd edir. Müəllif daha sonra Xocalı şahidlərinin öz dilindən törədilmiş vəhşiliklər haqda qısa videosüjet təqdim edir.