Məşhur fotoqraf bu dəfə Kəlbəcərdəki muzeylə bağlı paylaşım edib

Fransada yaşayan Azərbaycan əsilli dünya şöhrətli fotoqraf Rza Diqqəti ölkəmizin işğaldan azad edilmiş ərazilərində çəkdiyi fotoları mütəmadi olaraq öz sosial şəbəkə səhifələrində paylaşır.

Fotoqraf bu dəfə Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin işğaldan əvvəlki və sonrakı fotolarını öz “İnstagram” hesabında paylaşıb. Vaxtilə zəngin fondu olmuş, işğal dövründə dağıdılıb talan edilmiş muzeydən bəhs edən Rza Diqqəti bu vandalizmə görə UNESCO-ya sual da ünvanlayıb: “Qarabağın mədəni soyqırımı. Kəlbəcər muzeyi qiymətli eksponatları ilə məşhur idi. Bina, demək olar ki, hər bir qarışı Kəlbəcər mineralları və daşları ilə bəzədilmiş bir memarlıq incisi idi... UNESCO oğurlanan bu xəzinələr üçün nə edəcək?”.

Qeyd edək ki, 1982-ci ildə yaradılmış Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində işğaldan öncə 30 mindən çox eksponat vardı. Muzey binasının fasadında cürbəcür çalarlı daşlardan istifadə edilmişdi. Divarlarda müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, heyvan fiqurları, qədim məişət əşyalarının daşdan mozaik şəkilləri vardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü at və qoç heykəlləri nümayiş etdirilirdi.

Mütəxəssislər Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyini həm də geologiya, arxeologiya muzeyi adlandırırdılar. Müxtəlif ölkələrdən alimlər muzeyin eksponatları ilə tanış olub, araşdırma aparmışdılar.

SƏBİNƏ