Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta məktəbində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı onlayn anım tədbiri keçirilib.  Anım tədbirində məktəb şagirdlərinin ifasında Q.Qarayevin “II prelüd”, F.Bədəlbəylinin “Niyaziyə ithaf”, A.Barmonun “Mənim ürəyim – Şuşa” musiqi kompozisiyası, R.Məmmədovun “Bir millət, iki dövlət” rəqsi, D.Marianellinin “Xatırlayın” rəqsi, R.Quliyevin “Ruhlar” rəqsi və şeir parçaları səsləndirilib.

Qeyd edək ki, BXA-nın tam orta məktəbində bütün siniflərin ilk dərsləri Xocalı faciəsinə həsr edilib, vətənpərvərlik mövzusunda yazılar təqdim olunub, eləcə də, “Xocalıya gedən yol” adlı rəsm, foto sərgisi keçirilib.

Silsilə tədbirlər çərçivəsində BXA-nın Kitabxana-informasiya mərkəzi tərəfindən Xocalı soyqırımına və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş fotosərgi keçirilib. Sərgi iştirakçılarına Xocalı soyqırımı barədə ətraflı məlumat verilib.

Bakı Xoreoqrafiya Akademiyası orta ixtisas təhsil (kollec) pilləsinin tələbə və müəllimləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş videoçarx təqdim olunub.

Videoçarxda 1992-ci ilin 26 fevralında Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 sakinin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideyinlərindən birini itirməsi qeyd olunub.

Videomaterialda ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımına siyasi qiymətin verilməsində rolu diqqətə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı Xocalı soyqırımı cinayətkarları barədə səsləndirdiyi fikirlər də yer alıb.