Türkiyədə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir. Paytaxt Ankarada daha bir tədbir fevralın 25-də Azərbaycanın Türkiyədəki Səfirliyi və Keçiörən Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirildi.

Keçiörən rayonu (ilçə) ərazisindəki Azərbaycan parkında yerləşən Xocalı soyqırımı abidəsi qarşısında “Unutmayacağıq, unutdurmayacağıq!” şüarı altında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimdə çıxış edən səfir Xəzər İbrahim Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Keçiörən Bələdiyyəsinin ilk addımları atanlar sırasında olduğunu diqqətə çatdıraraq bu tədbirin təşkilinə görə də bələdiyyə rəhbərliyinə minnətdarlıq etdi. Bildirdi ki, bu dəfə əvvəlki illərdən fərqli olaraq Xocalı soyqırımı abidəsinin önündə qalib ölkənin nümayəndələri olaraq toplaşmışıq. Bu zəfəri Azərbaycana Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz qazandırıb.

Keçiörən Bələdiyyəsinin başqanı Turqut Altınok qeyd etdi ki, Xocalı soyqırımı tarixi yaddaşımıza əbədi həkk olunmuş bir faciədir və onun dəhşətlərini heç zaman unutmayacağıq.

Milli Məclisin deputatı Soltan Məmmədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə danışdı.

Keçiörən kaymakamı (icra nümayəndəsi) Uğur Bulut 2020-ci ildə Azərbaycanın qazandığı zəfərdən, 44 günlük müharibədə təcavüzkar Ermənistanın təslimçilik aktına imza atdığını xatırladaraq artıq bölgədə yeni siyasi mənzərənin yarandığını vurğuladı.

Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımı abidəsi önünə çiçəklər düzdülər.

Mehparə SULTANOVA
Ankara