Fevralın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Gənclərə dəstək” layihəsi çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Xocalıya ithaf” adlı gənc musiqiçilərin anım konserti keçirilib.

Xocalı soyqırımının 29-ci ildönümünə həsr olunmuş proqramda gənc musiqiçilərin ifasında Q.Qarayev, G.Hendel, A.Səmədzadə, A.Zeynallı, T.Albinoni, H.Xanməmmədov, V.Adıgözəlov və S.Ələsgərovun əsərləri səslənib.

Respublika və beynəlxalq müsabiqələr laureatları Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış ediblər. Anım konsertində Seyid Nuray (violin), Surə Rüfət (violin), Aylin Babayeva (piano), Əmirə Terequlova (piano), Məmmədov Şöhlət (tar), Atilla Məmmədov (vokal), Xədicə Hacılı (violin), Orxan Hüseynov (kamança), Mahir Hacıyev (kamança), Lalə Əhmədova (bəstəkar), Teymur Kazımov (vokal), Calalə İsmayılzadə (violonçel), Yusif Abbasov (bəstəkar), Əliyeva Səyyarə (piano), Hüseynzadə Nurdan (vokal), Camalə Abdinzadə (piano), Həsənzadə Jalə (qanun), Nuranə Əliyeva (piano), Tahirov Ülvi (violin), Özcan Cabbari (violin) iştirak ediblər.

Kamera və orqan musiqisi zalında Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin “Xocalıya ithaf” adlı rəsm sərgisi də təşkil olunub.