Qarabağın düşməndən azad edilməsindən sonra Xocalı soyqırımının ildönümünü qeyd etməyin xüsusi mənası var.

Bu fikri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç “Mədəniyyət” qəzetinə açıqlamasında deyib.

Diplomat bildirib ki, 29 il bundan öncə təkcə Azərbaycan deyil, bütün Türk dünyası qara bir gecə yaşadı: “Xocalı soyqırımı ötən əsrdə insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir. 1992-ci ilin fevralın 26-na keçən gecə erməni silahlı qüvvələri Xocalıda günahsız insanları – uşaq, yaşlı, qadın demədən qətlə yetirdi. Xocalı qətliamı bizim ortaq acımızdır. Türkiyə Azərbaycanın yanındadır və onun haqlı davasını hər zaman dəstəkləyib. Bu gün Azərbaycan Xocalı soyqırımının ildönümü ilk dəfə fərqli bir əhvalda, Qarabağdakı zəfərdən sonra qeyd edir. Amma Xocalıda yaşananlar heç vaxt unudulmayacaq”.

Türkiyənin ayrı-ayrı yerlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldıldığını diqqətə çatdıran Hulusi Kılıç deyib: “Bütün böyük şəhərlərimizdə və ən ucqar qəsəbələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsi əbədiləşdirilməlidir. Çünki Xocalı soyqırımına aid istənilən tədbir bu faciənin soyqırımı aktı kimi tanınmasına dəstəkdir. Xocalıya ədalət istəyirik”.

Diplomat sonda şəhidlərimizə Allahdan rəhmət diləyərək, “Bir daha belə faciələr təkrarlanmnasın” – deyib.

Mehparə SULTANOVA
Ankara