www.khojalytoday.com akademik resurs bazası istifadəyə verilib

Fevralın 26-da Bakı Kitab Mərkəzində “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazası təqdim edilib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, Xocalı soyqırımı bəşəri hadisədir: “Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 gün davam edən Vətən müharibəsində Qarabağ münaqişəsini həll edərək tarixə qovuşdursa da, Xocalıya ədalət savaşı davam edir. Bu proses ədalət öz yerini tapana və Xocalı cinayətkarları hüquqi cəzalarını alana qədər davam etdirilməli, bəşəriyyət tərəfindən lənətlənən cinayətlər sırasına Xocalı soyqırımı da əlavə edilməli, gələcək nəsillərə çatdırılmalıdır”.

Vurğulanıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə “Khojaly Today” akademik resurs bazasının yaradılması Xocalı soyqırımının dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılması üçün təqdirəlayiq hadisədir. Resurs bazası dövlət sənədlərinə, beynəlxalq və yerli müəlliflərə, soyqırımı dövründə beynəlxalq mediada yer alan xəbərlərə, Xocalı qurbanlarının şahidlərinin ifadələrinə və nəhayət, soyqırımında rol oynayan erməni vandallarının öz çıxış və etiraflarına istinadla tərtib olunub.

“Qloballaşan dünyada əsas istinad edilən mənbələrin internet məlumat bazaları olduğunu nəzərə alaraq belə bir akademik resurs bazasının yaradılmasının, Xocalı soyqırımı ilə bağlı faktların, fotoların, videoların, məqalə və kitabların yer alacağı elektron bazanın dünyanın bütün kitabxanalarında akademik mənbə kimi təqdim edilməsi və qeydiyyatdan keçirilməsinin Xocalıya ədalət savaşının hüquqi qiymət alması istiqamətində mühüm rol oynayacağına inanırıq”, – deyə G.Anarqızı bildirib.

Berlin Humboldt Universitetinin doktorantı, layihənin koordinatoru Şamxal Əbilov www.khojalytoday.com akademik resurs bazası haqqında məlumat verib. Bildirib ki, resurs bazasında Xocalı faciəsinə aid rəsmi sənədlər, beynəlxalq və yerli müəlliflərin akademik yazıları, bu barədə beynəlxalq mediada yayımlanan materiallar, soyqırımı şahidlərinin ifadələri toplanıb. Elektron baza tədqiqatçılar, tələbələr və Xocalı haqqında məlumat əldə etmək istəyən müxtəlif şəxslər üçün ümumiləşdirilmiş mənbə rolunu oynayır.

“Xocalı xarici mediada” bölümündə soyqırımının baş verdiyi dövrdə xarici jurnalistlər tərəfindən qələmə alınan və dünyanın bir çox aparıcı media səhifələrində nəşr edilən xəbərlər yer alıb.

“Resurs” bölməsində videoçarxlar və sənədli filmlərlə yanaşı, Xocalı soyqırımını əhatə edən, beynəlxalq və yerli müəlliflər tərəfindən qələmə alınan akademik kitablar, elmi məqalələr, xarici fotoqraflar tərəfindən lentə alınmış və ermənilərin Xocalıda törətdiyi vəhşilikləri əks etdirən fotolar, hadisəyə dair şahid ifadələri, soyqırımı pisləyən və qarşısının alınmasına yönələn konvensiya və müqavilələr yer alır.

Bir sıra ölkələrdə Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edilib, soyqırımı qurbanlarının xatirəsinə abidələr qoyulub. Resurs bazasının “Beynəlxalq dəstək” bölməsində bu barədə məlumat verilir.

Elektron bazada, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi tərəfləri ilə, ermənilərin 30 ilə yaxın müddətdə işğal dövründə mədəni irsimizə və təbii sərvətlərimizə qarşı apardıqları vandalizm siyasətinə dair materiallar yer alıb.