Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professor, müəllim və tələbə heyətinin iştirakı ilə Xocalı soyqırımı qurbanlarının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova Xocalı soyqırımı haqqında danışıb.

Xocalıda doğulub, böyüyən Samirə Hüseynova həmin qanlı gecənin şahidi olaraq qadınlara, uşaqlara, yaşlılara, insanlığa qarşı ermənilər tərəfindən törədilən dəhşətləri, acı xatirələrini xatırladıb.

BMA-nın Nəfəs və zərb alətləri kafedrasının müdiri, Xalq artisti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi orkestr xidmətinin rəisi, general-mayor Yusif Axundzadə Xocalı soyqırımının Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmiş kütləvi qırğın aktlarından biri olduğunu qeyd edib.

Akademiyanın Xarici tələbələrlə iş üzrə şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov Xocalı soyqırımına həsr olunan musiqi əsərlərindən bəhs edib. Çıxışlar arasında BMA tələbələrinin ifaları təqdim olunub.

Onlayn tədbirin sonunda Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin dirijorluğu ilə Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi Orkestrinin ifasında “Qələbə marşı” səslənib.