Yasamal rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Qisası alınan Xocalım” adlı sərgi təşkil edilib.  Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə İsgəndərova və Aygün İsgəndərovanın təşkilatçılığı ilə keçirilən sərgidə qan yaddaşımıza əbədi həkk olunmuş Xocalı faciəsinin dəhşətlərini əks etdirən rəsmlər nümayiş olunub.

Sərginin açılışında çıxışlar zamanı bildirilib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisidir.

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında demişdir: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur”.

Böyük qürur hissi ilə deyə bilərik ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə ordumuz tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Bu qətliamın günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Sərgini təqdim olunan keçidlər vasitəsilə izləmək mümkündür.

https://www.facebook.com/watch/?v=2860605564186002

https://www.facebook.com/watch/?v=901476720680769

LALƏ