F.Köçərli adına Respublika Uşaq Kitabxanası görkəmli şair, yazıçı, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqin (1881-1959) 140 illik yubileyi münasibətilə elektron məlumat bazasını təkmilləşdirərək oxucuların ixtiyarına verib.

İlk dəfə 2016-cı ildə istifadəçilərə təqdim edilən “Abdulla Şaiq” məlumat bazasına bu il ədibin yubileyi ilə əlaqədar son 5 ilin materialları da əlavə edilib.

Elektron məlumat bazası 13 bölmədən və yarımbölmələrdən ibarətdir. Materiallar 1927-2020-ci illəri əhatə edir. Bazaya şairin tərcümələri ilə bağlı bölmə də əlavə edilib. Həmin bölmədə şairin tərcümə etdiyi 8 əsər – Cəlaləddin Ruminin “İbrət və müqabilə, yaxud ümmətlər ixtilafı”, Nizaminin “İsgəndərnamə” poemasından “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi”, E.Şabadın “Nərdivan”, İ.A.Krılovun “Cırcırama və qarışqa” və digər əsərlər yerləşdirilib.

Bazaya həmçinin Abdulla Şaiqin rus dilində nəşr olunan 4 kitabı – “Избранное” (1959), “Вот мы какие” (1984), “Письмо не дошло” (1984), “Paссказы” (1991) əlavə edilib. “Abdulla Şaiq haqqında məqalələr” yarımbölməsinə 38 məqalə, “Əsərləri” bölməsinə 7 kitab, “Haqqında” bölməsinə 4 yeni kitab əlavə edilib.

Məlumat bazasına yerləşdirilən bütün materiallar tammətnlidir.

Elektron baza ilə bu linkdə tanış olmaq olar:

http://clb.az/elektron/SHAIQ/index.html