Özbəkistanın Termez Dövlət Universitetində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.

Universitetin Özbək filologiyası fakültəsində “Nizami Gəncəvinin dünya ədəbiyyatında rolu” mövzusunda keçirilən ədəbi-bədii gecədə təhsil ocağının professor-müəllim heyəti, tərəfdaş təşkilat və qurumların nümayəndələri, tələbələr və media təmsilçiləri iştirak ediblər.

Fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Obid Şəfiyev tədbiri açaraq iki xalq arasındakı əlaqələr, Nizami Gəncəvi yaradıcılığının özbək ədəbiyyatına təsiri barədə danışıb.

Tədbirə onlayn qoşulan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın təbrik sözü və “Nizami Gəncəvi və Əlişir Nəvai “Xəmsə”lərinin müqayisəli təhlili” mövzusunda məruzəsi dinlənilib.

Universitetin Özbək ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Babanəzər Murtazayev “Nizami Gəncəvi ədəbi irsinin Əlişir Nəvainin yaradıcılığına təsiri”, Tacik filologiyası və Şərq dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramazan Abdullayev “Nizami Gəncəvi və Şərq ədəbiyyatı” mövzusunda elmi məruzələrlə çıxış ediblər.

Bədii hissədə tələbələr Nizami Gəncəvinin əsərlərindən nümunələri musiqinin müşayiəti ilə qiraət ediblər. Həmçinin “Xəmsə”dəki poemalardan səhnəciklər nümayiş olunub. Tələbələrin ifasında Azərbaycan xalq rəqsi də böyük maraqla qarşılanıb.