ABŞ-ın Nyu-York şəhərinin Manhattan adasında Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahı önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil edilib.

Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

“Xocalıya ədalət!” (“Justice for Khojaly!”) adı altında keçirilən sərgidə 1992-ci ilin 26 fevralında ermənilərin amansızlıqla qətlə yetirdiyi insanların fotoları nümayiş etdirilib. Əraziyə üzərində Xocalı soyqırımı haqqında həqiqətlərin, tarixi faktların əks olunduğu rəqəmsal plakatların quraşdırıldığı xüsusi maşın da gətirilib.

Sərgi ictimaiyyətin, yerli medianın, ərazidə olan diplomatların və avtomobillərlə yoldan keçən sakinlərin diqqətini cəlb edib. Onlar həmvətənlərimizə yaxınlaşıb Xocalı soyqırımı haqqında məlumatlar alıblar.

Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli və ABŞ-da yaşayan azərbaycanlı gənclər sərgiyə qatılan insanlara ermənilərin zaman-zaman azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti, Xocalıda törətdiyi cinayətlər haqqında məlumatlar veriblər.