Bir müddətdir ki, Vaşinqton şəhərində Azərbaycan mətbəxini təmsil edən “Şərbət” şirniyyat evi fəaliyyətə başlayıb. “Washington Post” qəzetində “Şərbət” şirniyyat evi haqqında yazı dərc olunub.

Yazıda Azərbaycan şirniyyat evinin adının qızılgül ləçəkləri və ya zəfərandan hazırlanan milli içkidən götürüldüyü, şərbətin həmçinin Azərbaycanın ən məşhur şirniyyatı olan paxlavaya da vurulduğu bildirilir. Azərbaycan paxlavasının forması, zərif dadı və nazik ləçəklərinin onu digər xarici şirniyyat növlərindən xeyli fərqləndirdiyi qeyd olunur.

Məqalədə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovun Azərbaycan mətbəx mədəniyyətinin özəllikləri barədə fikirləri də diqqətə çatdırılır. Bundan əlavə, Novruz bayramının simvollarından olan şorqoğal, şəkərbura və şirniyyat evində hazırlanan digər un məmulatları barəsində məlumat verilir, onların şəkilləri təqdim olunur.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, son zamanlar ABŞ paytaxtında Azərbaycan mətbəxinə marağın artması müşahidə olunmaqdadır. Bu, özünü nüfuzlu mətbu orqanlarda ölkəmizin mətbəxinə həsr olunan guşələrdən də özünü göstərməkdədir. “Şərbət” şirniyyat evi də açıldığı qısa müddətdə Vaşinqton və yaxın şəhərlərin sakinləri arasında populyarlıq qazanıb.

Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar:

https://www.washingtonpost.com/lifestyle/food/sharbat-bakery-review/2021/02/24/ee6ab946-7454-11eb-9537-496158cc5fd9_story.html