Martın 1-də günün ikinci yarısında mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını – Anıt qəbri ziyarət ediblər.

Anıt qəbrin önünə əklil qoyulub, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” deyən böyük öndər Atatürkün xatirəsi dərin ehtiramla yad edilib.

***

Daha sonra mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri Ankara şəhərindəki Heydər Əliyev parkını ziyarət ediblər.

Ankaranın Batıkənd rayonundakı park 2004-cü ildə salınıb, 2013-cü ildə parkda əsaslı yenidənqurma işləri aparılıb. 8 hektar sahəni əhatə edən park hazırda Türkiyə paytaxtının ən gözəl istirahət guşələrindən biridir. Parkda ulu öndər Heydər Əliyevin abidəsi ucaldılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.