Əcnəbi jurnalistlərin işğaldan azad olunan Qarabağdan səfər təəssüratı

Prezident İlham Əliyevin fevralın 26-da keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlərə müxtəlif ölkələrin mediasında diqqət ayrılaraq xəbər, şərh və təhlillər dərc olunmaqda davam edir.

Xatırladaq ki, yerli və xarici media nümayəndələrinin iştirakı ilə  4 saatdan artıq davam edən mətbuat konfransında İlham Əliyevi 50-yə yaxın sualı cavablandırıb. Xarici jurnalistlər mətbuat konfransı ilə bərabər, həmçinin işğaldan azad olunmuş ərazilərə səfər təəssüratını da bölüşüblər.

İtaliyanın “Il Giornale”, “Messenger News”, “Focus News 24”, “Kmetro”, “Metroct”, “Politicamente Corretto”, “Eurasia News”, “Globus Magazine”, “Agenzia Nova” kimi media orqanları Azərbaycan Prezidentinin mətbuat konfransında söylədiyi fikirlərə dair məlumatlar dərc edib.

Materiallarda Prezident İlham Əliyevin sözlərinə istinadən bildirilir ki, azərbaycanlı məcburi köçkünlərin öz yurd yerlərinə qayıtması üçün öncə ərazilər minalardan təmizlənməli, ziyanın qiymətləndirilməsi işi tamamlanmalı, infrastruktur bərpa edilməli, şəhər və kənd planlaması başa çatdırılmalıdır. Habelə Prezidentin sözlərinə istinadən vurğulanır ki, Füzulidə hava limanının bu payız istifadəyə verilməsi planlaşdırılıb. Hazırda hava limanı ilə yanaşı, Şuşa şəhərinə də iki magistral yolu tikilir, daha bir hava limanı Zəngilanda inşa ediləcək və Zəngilan əhəmiyyətli bir logistik mərkəzə çevriləcək.

***

Yaponiyanın nüfuzlu JİJİ PRESS agentliyi Azərbaycanın Ermənistan ordusunun işğalından azad edilmiş ərazilərində aparılan quruculuq işləri barədə məqalə yayıb.

 “Böyük aeroportun inşası Azərbaycanın Dağlıq Qarabağ regionuna nəzarətini daha da gücləndirəcək” adlı məqalədə ötən ilin payızında baş vermiş Vətən müharibəsi barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqların azad edilməsi regionda böyük quruculuq işlərinə şərait yaradıb. Belə obyektlərdən biri kimi Füzuli aeroportunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Agentliyin müxbiri qeyd edir ki, 3 min metr uzunluğunda uçuş-enmə zolağı olacaq hava limanı beynəlxalq status daşıyacaq. Yazıda vurğulanır ki, aeroportun fəaliyyətə başlaması Azərbaycanın Ermənistan qarşısında havada üstünlüyünü daha da möhkəmləndirəcək. Hava limanı qonşu İranla da əlaqələrin inkişafına təsir göstərəcək.

***

Misirin “Asiaelyoum” informasiya agentliyinin baş redaktoru Əbubəkir Əbu Əl-Məcd Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı haqqında analitik məqalə ilə çıxış edib.

Məqalədə dövlət başçısının bir çox mətləblərə aydınlıq gətirdiyi, Ermənistan rəhbərliyinə, habelə Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı narahatlıq keçirən ölkələrə mesajlar göndərdiyi qeyd olunur. Müəllif vurğulayır ki, jurnalistlərin suallarını dörd dildə cavablandıran İlham Əliyev dəqiqliklə işlənilmiş və həyata keçirilmiş strateji planlarını da açıqlayıb. Məhz uzun illər təmkinlə reallaşdırılan bu planlar nəticəsində Azərbaycan Ordusu qısa müddətdə torpaqları işğaldan azad edə bilib.

Məqalədə Azərbaycanın son 17 ildə keçdiyi inkişaf yolundan, həyata keçirilən transmilli neft-qaz və nəqliyyat layihələrindən də bəhs edilib. Həmçinin Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri haqqında mülahizələri təhlil edilib.

***

Moldovanın “noi.md” xəbər portalında “Azad olunan Qarabağ moldovalı jurnalistlərin gözü ilə” sərlövhəli məqalə dərc edilib.

Məqalədə bildirilir ki, bu günlərdə Azərbaycanda səfərdə olan jurnalistlər Qarabağ diyarının ermənilər tərəfindən necə dağıdıldığının şahidi olub, tarixi, dini və mədəni abidələrin məhv edilməsini, meşələrin qırılmasını gözləri ilə görüblər. Yazıda Ağdam şəhərinin xarabalığından da söz açılır, bildirilir ki, mütəxəssislər burada erməni işğalının nəticələrini Xirosimadakı atom bombasının partlaması ilə müqayisə edirlər. Məqalədə bütün bunlara baxmayaraq, artıq böyük infrastruktur layihələrinə başlandığı, o cümlədən Füzuli rayonunda hava limanının tikildiyi də vurğulanır.