“Burada turistə lazım olan hər şey var”

Rusiyanın “100 дорог” (“100 yol”)  turizm agentliyi müştərilərini Azərbaycanla tanış edib. Turizm agentliyi Altay diyarının inzibati mərkəzi olan Barnaul şəhərində yerləşir.

Agentliyin saytında təqdim olunan materialda son illərdə Altay sakinlərinin turizmin fəal inkişaf etdiyi MDB dövlətlərinə daha çox diqqət ayırdıqları qeyd edilir. Azərbaycan da istisna deyil. Burada turistə lazım olan hər şey var: dəniz və çimərliklər, dağlar və xizək kurortları, müalicəvi sular və palçıqlar, görməli yerlər, yaxşı mehmanxanalar və dil baryerinin olmaması. Azərbaycanın paytaxtı Bakı bir qədər Parisə oxşayır. Fransada olduğu kimi tikilmiş yaşayış evləri, bulvarlar və parklar...

Turizm agentliyi ölkəmizin görməli yerləri, o cümlədən Atəşgah məbədi, İçərişəhər, dünyada yeganə olan Miniatür Kitab Muzeyi, Milli Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi haqqında oxuculara məlumat verir.